Bakı. Trend:
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynayır.
Bunu Trend-ə BMT Baş Assambleyasının 75-ci sessiyasının (2020-2021) prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır deyib.
“Prezident İlham Əliyevin liderliyi, qətiyyəti və uzaqgörənliyi regionda sülhün və sabitliyin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz yenidən dirçəlir”- deyə o bildirib.
V.Bozkır nəqliyyat infrastrukturunun qurulması üzrə irimiqyaslı layihələrin ölkəmizi beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirdiyini, ticarət-iqtisadi fəallığın artırılması üçün yeni imkanlar açdığını vurğulayıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə bütün Qafqazda deyil, həm də Avropanı Asiya ilə əlaqələndirərək Avrasiyada regional əlaqələrin genişləndirilməsində həlledici rol oynayacaq.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı Azərbaycanı daha da gücləndirəcək. Bu regionlarda həyata keçirilən layihələr bir tərəfdən Azərbaycanın mühüm iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqeyini möhkəmləndirir, digər tərəfdən isə gələcəkdə böyük ixrac gəlirlərini təmin edir”, - deyə o bildirib.
Bu gün Azərbaycanda həyata keçirilən enerji strategiyasına toxunan V.Bozkır Cənub Qaz Dəhlizinin rolunu xüsusi qeyd edib:
“Bu, Xəzər dənizindən qazın Avropa bazarlarına nəqli üzrə strateji təşəbbüsdür və Avropaya enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün əsas vasitədir. Avropanın Azərbaycana həmişəkindən daha çox ehtiyacı var. Azərbaycan ilə Aİ arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və etibarlı əməkdaşlıq əlaqələrinin olması təkcə region üçün deyil, həm də daha qlobal mənada böyük əhəmiyyət kəsb edir”, - V.Bozkır vurğulayıb.