...

Azərbaycan və Qazaxıstan yol xəritəsi üzrə regionun maraqlarına uyğun olaraq irəliləyirlər - Prezident İlham Əliyevin Astana səfərinin yekunları

Siyasət Materials 11 Aprel 2023 10:52 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan yol xəritəsi üzrə regionun maraqlarına uyğun olaraq irəliləyirlər - Prezident İlham Əliyevin Astana səfərinin yekunları
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan rəhbərliyi arasında ikitərəfli görüşlər tarixən dostluq və qarşılıqlı hörmət ruhunda keçib.

Yenidən iki ölkənin liderləri arasında aparılan müzakirələr mühüm hadisələrlə nəticələndi, müzakirələr zamanı altı vacib sənəd imzalandı. Sənədlərə Azərbaycan və Qazaxıstanın müxtəlif sektorlarını təmsil edən qurumlar arasında imzalanmış anlaşma memorandumları da daxildir.

Bakı ilə Astana arasında mədəni əməkdaşlıq Prezident İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Hadisələrin bu cür inkişafı təəccüb doğurmamalıdır, belə ki, Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq xalqlar arasında münasibətlərin möhkəmlənmə vasitəsi olaraq çıxış edəcək.

Dünən Prezident İlham Əliyevin Prezident Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşdə dediyi kimi, humanitar yol Azərbaycanla Qazaxıstan arasında dövlətlərarası münasibətlərin üzərində formalaşdığı təməldir.

"Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik", - dövlət başçısı deyib.

Həqiqətən, Azərbaycan və Qazaxıstan liderlərinin həyata keçirdikləri ikitərəli münasibətlərə keçid dövlətlər arasında tərəfdaşlığın yeni yüksəkliklərə çatacağından xəbər verir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev ikitərəfli gündəliyin bəzi mühüm elementlərini, o cümlədən siyasi, ticari, habelə nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə ediblər.

Bu gün Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlərin səviyyəsi doğrudan da misilsizdir. Ölkələr ikitərəfli münasibətləri inkişaf etdirdikcə Bakı və Astana regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir.

Konkret bir məqam diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ali Dövlətlərarası Şuranın yaradılması barədə razılığa gəliblər. Belə bir orqanın yaradılması ölkələrin daha effektiv əməkdaşlıq etməsinə, habelə ikitərəli əhəmiyyət daşıyan və qarşılıqlı maraq kəsb edən siyasət aparmağa imkan verməklə ikitərəfli münasibətlərin daha dinamik inkişafına səbəb olacaq.

Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən Prezident Kasım-Jomart Tokayevin dediyi kimi, Ali Dövlətlərarası Şura şübhəsiz ölkələr arasında ikitərəfli münasibətlərə güclü təkan verəcək.

Bu cür yüksək səviyyəli əməkdaşlığın əldə edilməsi bir sıra faktorların birləşməsi sayəsində mümkün olub. Birincisi, Azərbaycanla Qazaxıstan arasında tarixi münasibətlər ölkələrə bu məcrada inkişafın davamı üçün lazımı əsas verir.

Azərbaycanın 2-ci Qarabağ müharibəsində işğaldan azad etdiyi ərazilərin bərpası kontekstində Qazaxıstanın göstərdiyi dəstək məhz bu qardaş dəstəyinin təzahürüdür. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ölkələr arasında mövcud olan münasibətlərin səviyyəsinin parlaq nümunəsidir.

İkincisi, ölkələr arasında iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıq siyasi münasibətlərə müsbət təsir göstərir. Bundan başqa, həmçinin bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm potensial mövcuddur.

Bakı ilə Astana arasında ikitərəfli ticari münasibətlər mövcud potensialın və hökumətlərin onu necə inkişaf etdirdiklərinin çox gözəl nümunəsidir. İki ölkənin lideri cari göstəriciləri yaxın gələcəkdə 1 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Qlobal COVID-19 pandemiyasının başlaması ölkələr arasında əmtəə dövriyyəsini 30 faiz azaltdıqdan sonra Bakı və Astana sistematik şəkildə əmtəə dövriyyəsini artırıblar ki, bu da ölkələrin qısa zamanda pandemiyadan əvvəlki səviyyəni ötüb keçmələrinə imkan verib.

Qazaxıstanın biznes nümayəndələrinin Azərbaycana sonuncu ticarət missiyası zamanı əldə olunmuş nəticələr də ölkələr arasında sürətlə inkişaf edən iqtisadi münasibətlərin daha bir nümunəsidir. Missiya çərçivəsində dəyəri 55 milyon dollardan yuxarı olan sazişlər imzalanıb, halbuki Qazaxıstan ticarət missiyalarının əvvəlki buraxılışları 30-35 milyon dollar dəyərində sazişlərlə nəticələnmişdi. Missiya ərzində əldə olunmuş nəticələr qarşılıqlı iqtisadi tərəqqi üçün Azərbaycan və Qazaxıstan bazarlarının əhəmiyyətini əks etdirir.

Qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətimizin gələcək inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.

"Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.

Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik", - deyə dövlət başçısı əlavə edib.

Əslində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin bir və ya iki aspektini fərqləndirmək bir qədər əsassızdır. Azərbaycan və Qazaxıstan strateji münasibətləri dəstəkləyən ölkələrdir. Beləliklə, ikitərəfli əməkdaşlığın istənilən aspekti Bakı ilə Astana arasında münasibətlər kontekstində strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Qazaxıstan səfəri istər Bakı, istərsə də Astana üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmaları nəzərə aldıqda Azərbaycan-Qazaxıstan münasibətlərinin parlaq olacağını və hər iki xalqa yalnız ən yaxşısını gətirəcəyini demək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti