Bakı. Trend:
Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutublar.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.Digər hərbçimiz əsgər Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Atışma bu gün səhər saat 10 radələrində səngiyib.
Təbii - qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyan ilkin mərhələdə taktiki, sonrakı perspektivdə isə starteji hədəflərinə çatmaq üçün situasiyanı maksimum ağırlaşdırmağa davam edir.
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.
O bu barədə hökumətin iclasında deyib.
N.Paşinyan açıqlamanı bu gün Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.
Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.
Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin səciyyəlidir: "Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var".
Xatırladaq ki, Zod istiqamətində Azərbaycan əsgəri ağır yaralanıb, Azərbaycan ordusunun mövqelərinə hücumlar başlayıb. Azərbaycana qarşı minaatan artilleriyadan, kamikadze dronlardan istifadə olunub, təxribatın miqyasını genişləndirmək üçün ermənilər bütün vasitələrdən istifadə ediblər.
Fəqət, Nikol Paşinyan bu dəfə çox ciddi, fatal səhvə yol verib.
Ümumiyyətlə, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı illərdə Ermənistan və ermənilər onların problemlərinin "hami" tərəfindən həll olunmasına alışmışdılar. Rəsmi İrəvan ilə yanaşı, ən ucqar dağ kəndində yaşayan və ya xarici ölkələrdəki erməni diasporundakı icmalardan birinin mənsubu olan erməni adı kimi əmindi ki, hərbi əməliyyatlar başlayan anda Azərbaycana qarşı həddən ziyadə ağır təzyiqlər göstəriləcək, döyüş bölgəsinə "hami"nin hərbçiləri yeridiləcək və sonucda Bakı mütləq şəkildə məğlub olacaq.
Lakin 2020-ci ildə başlayaraq 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ermənilərin reallıqla ağrılı üzləşməsinə çevrildi. Ermənilər müharibənin ilk günlərindən Rusiya Federasiyasının İrəvanı dəstəkləyərək hərbi əməliyyatlara qatılacağına şübhə etmirdilər.
Sosial şəbəkələrin erməni seqmentində və xüsusilə də Ermənistan mediasında siyasətçilər, hakimiyyət mənsubları, "analitik"lər, "ekspert"lər və diaspor təmsilçiləri fasiləsiz olaraq "etibarlı mənbələrdən alınan məlumat"lara istinad edirdilər. Onlar deyirdilər ki, Rusiya Federasiyası KTMT qüvvələri adı ilə döyüş bölgəsinə qoşunlarını yeritməyə hazırlaşır: "az sonra, sabah proses başlanacaq". Daha sonra bildirilirdi ki, Rusiyadan, İrandan, Hindistandan və Suriyadan onlarla yük təyyarəsi silah-sursat, hərbi texnika göndərilib.
Ermənistanın Müdafiə Nazirliyi isə "Azərbaycanın itkiləri və tələfatı" ilə bağlı paranoidal "statistika" açıqlayır, ermənilərdə "qələbənin qaçılmazlığı və yaxınlığı" idefiksi yaratmağa çalışırdı.
Fəqət müharibə Ermənistanın kapitulyasiyası, ordusunun darmadağın edilməsi və fiaskosu ilə başa çatdı. Buna rəğmən, müharibənin nəticələrindən dərs almayan Ermənistan rəhbərliyi aqressiya və radikalizmini davam etdirir, revanşist qüvvələr İrəvanda özlərini çox rahat hiss edirlər.
Nikol Paşinyan da məhz bu səbəbdən Qərb və Rusiya arasında barraj vurmağa çalışır, regiondakı proseslərdə İranın da aktiv iştirakının təminatını öz təhlükəsizliyinin elementlərindən biri hesab edir.
Sadalanan səbəblərdən dolayı əsla təsadüfi deyl ki, Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı danışıqlardan, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pşinyan arasındakı görüş ərəfəsində Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Basarkeçər rayonunun Zod (Söyüdlü) kəndi yaxınlığında vəziyyət süni şəkildə gərginləşdirildi.
Bölgədə sülh və stabilliyin bərqərar olmasını istədiyini, buna can atdığını az qala hər gün bəyan edən Ermənistan beləliklə, növbəti dəfə situasiyanı ağırlaşdıraraq yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesi dayandırmağa çalışır.
Azərbaycanın ərazi bütövlüyünü tanımaq və ölkəmizə qarşı hər hansı formada ərazi iddialarından birdəfəlik əl çəkərək Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmək istəməyən Ermənistan sülh danışıqlarını bilərəkdən, qəsdən uzadır, mənasız və nəticəsiz etmək istəyir.
ABŞ Dövlət Departamentinin mənsubları və xüsusilə də dövlət katibi Entoni Blinken "yekun sülh sazişinin ilkin mətninin razılaşdırılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub" tipli bəyanatlar versələr də, faktiki irəliləyiş yoxdur.
Ermənistan problemi daha da ağırlaşdırmağa, sülh prosesini pozmağa çalışır.
Nikol Paşinyanın bəsit strategiyası, primitiv oyunları budur.