...

Xankəndidəki təlxək Bakını hədələyir: ermənilərin məqsədi nədir?

Siyasət Analytics 31 May 2023 11:20 (UTC +04:00)
Xankəndidəki təlxək Bakını hədələyir: ermənilərin məqsədi nədir?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndində konkret məqsədlərlə göndərilmiş Ruben Vardanyan özünü "publik fiqur" elan edərək Azərbaycana meydan oxuyur. O, "yeni müharibə" anonsunu verərək, Azərbaycan Ordusuna qarşı döyüşlərə başlaya biləcəklərini də istisna etməyib.

Rusiyalı milyarder, rəsmi olaraq guya Rusiya Federasiyasının "vətəndaşlığından məhrum edilmiş" Ruben Vardanyan tapşırıqlarla göstərişləri bütünlüklə yerinə yetirmək üçün növbəti paroksizmə qapılıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanı dolayısı ilə xəyanətdə suçlamaqla yanaşı, Azərbaycanı da yeni hərbi əməliyyatlarla hədələyib.

Qarabağlı ermənilərin nümayədələrinin danışıqlar masasında təmsil olunmasında, Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan yekun sülh sazişi ilə bağlı prosesdə iştirakının təmin edilməsində israr edən Ruben Vardanyan Ermənistanın hakimiyyət dairələrini "xəyanət"də suçlayıb: "İndi biz dəqiq qeyd edə bilərik: əvvəllər qarabağlı erminilərin problemlərini pis-yaxşı beynəlxalq müstəvidə müzakirə etməyə çalışan rəsmi İrəvan indi Qarabağ erməniləri bundan sonra müdafiə etməkdən qətiyyətlə boyun qaçırıb. Lakin Azərbaycanın tərkibində yaşamaq istəməyən və bu mövqelərini 1991-ci ildə keçirilmiş qanuni referendumda millətin öz müqəddəratını təyinetmə hüququnun izharı ilə nümayiş etdirmiş qarabağlı ermənilər heç hara getməyiblər".

Daha sonra "publik şəxs kimi bütün dünyaya səslənən" Ruben Vardanyan Azərbaycanı hədələyib: "Vəziyyətin eskalasiyası təqdirdə Azərbaycan böyük itkilər verəcək. Çox sərt assimetrik cavab tədbirləri görüləcək. Biz müstəqilliyimizi qorumaq üçün istənilən qurbanlara hazırıq!"

Ruben Vardanyan habelə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Xankəndindəki xuntanın "müstəqil dövlətə xas olan prezident hakimiyyəti, parlament, ordu, hüquq-mühafizə orqanları və s.-yə malik olduğunu" da vurğulayıb.

Siyasətdə tam diletant olan bu təlxəyin bəyanatını ciddi qəbul etməmək olardı, amma Vardanyanın marionet olduğunu və onun arxasında duran qüvvələrin mövqelərini bəyan etdiyi nəzərə alsaq, qarabağlı erməniləri hələlik idarə edən terrorçu xuntanın vəziyyətin stabilləşməsində maraqlı olmadığını görürük.

Moldovanın paytaxtı Kişinyovda Avropa İttifaqının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında danışıqlarla müzakirələrin nəzərdə tutulması, təmasların yekun sülh sazişinin imzalanması prosesinə təkan verəcəyi şübhəsizdir.

Bu səbəbdən də Xankəndindəki xunta daxilində qarşıdumaları genişləndirmək, "hakimiyyət" uğrunda didişməni aktivləşdirmək və sülh prosesində əlavə süni maneələr yaratmaq məqsədilə R.Vardanyana belə idiotcasına hədələri səsləndirmək tapşırılıb.

Vaxtilə "Troyka Dialoq" şirkətini yaradaraq yüzlərlə rusiyalı məmurun milyardlarla dollarlıq vəsaitini, bu çirkli pulları müxtəlif off-şor şirkətləri vasitəsilə leqallaşdırmaqla məşğul olmuş və sərvətini də bu minvalla qazanmış Ruben Vardanyanda debilizm nişanələri yoxdur.

O, dərk edir ki, Xankəndindəki xuntanın mənsubu qismində Azərbaycanı hədələiməsi çox pis fəsadlara səbəb ola bilər.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər indi faktiki və praktiki olaraq beynəlxalq hüquq baxımından statussuz şəxslərdir. Onların hüquqi statuslarının leqallaşdırması və yaşamlarını normallaşdırması üçünsə yeganə, hər hansı istisnaları və şərtləri birmənalı nəzərdə tutmayan yol Azərbaycan cəmiyyətinə reinteqrasiyadır.

Həmin yol qarabağlı ermənilərin rəsmi Bakı ilə danışıqlara başlamasından keçir.

Lakin bu danışıqlarda qarabağlı ermənilər "müzakirələrin hüquqi tərəfi" olmayacaqlar - Azərbaycan Konstitusiyası çərçivəsində aparılacaq danışıqlarda qarabağlı ermənilər maksimum ölkə sakinləri statusuna malikdir.

Bu qədər sadə, bəsit və konkret.

Azərbaycana qarşı "çox ağır assimetrik cavab" ehtimalına gəldikdə isə, Ermənistan Müdafiə Nazirliyinin generalları və rəsmi İrəvan anlamamış deyillər ki, rəsmi Bakı antiterror əməliyyatına başlayarsa, hazırda RSK-nın olduğu ərazilərdə kazarmalara sığınaraq "hərbi təlim"lər belə, keçirən təqribən 9800 nəfərlik silahlı erməninin zərərsizləşdirilməsi üçün ordumuza ən uzağı bir neçə gün gərəkdir.

Xankəndindəki xuntanın diversiya-terror dəstələrinin olduğu ərazilər dörd tərəfdən Azərbaycan Ordusunun mövqelərinin əhatəsindədirsə, potensial diversantlarla terrorçular əsgərlərimizin hədəf məsafəsindədirsə, ordumuzun raket-artilleriya və hərbi-hava qüvvələrinin birlikləri üçün Xankəndi, Xocalı, Əsgəran və sabiq Ağdərə rayonlarındakı bütün (!) hədəflərin dəqiq koordinatları çoxdan bəllidirsə - Vardanyan hansı "assimetrik cavab"dan bəhs edir, bəlli deyil.

Xankəndində marionetka "prezident" Araik Arutyunyanla hərbi cinayətkar, özünü xuntanın rəhbərliyinə qarşı "müxalifətin lideri" elan etmiş Samvel Babayan arasında qarşıdurmanın pik həddinə çatdığı, bu səbəbdən də bütün kütləvi aksiyaların, yürüşlərin və mitinqlərin qadağan edildiyi vəziyyətdə Ruben Vardanyanın aktivləşməsi təsadüfi deyil.

Fəqət, Ermənistanın hakimiyyət dairələri ilə yanaşı, bu ölkənin vətəndaşları və habelə, RSK-nın olduğu ərazilərdə yaşayan qarabağlı ermənilər də bilməlidir ki, Ruben Vardanyan faktiki olaraq onların taleyi ilə oynayır, gələcəklərini kənar qüvvələrin mənafeləri üçün hərraca qoyur.

Belə hərraclar isə rəsmi Bakının səbr kasasını daşdıran son damla ola bilər.

Xəbər lenti

Xəbər lenti