...

Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır - Ceyhun Bayramov

Siyasət Materials 7 İyun 2023 19:19 (UTC +04:00)
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan, ölkəmizin Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə reinteqrasiya etməkdə qərarlıdır.

XİN-dən Trend-ə verilən məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

Nazir diqqətə çatıdırıb ki, hökumət onların reinteqrasiyasına aid məsələləri müzakirə etmək üçün yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib.

"Tərəfdar çıxdığımız beynəlxalq sənədlərlə yanaşı, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi buna əsaslı zəmin yaradır.

Qanunun aliliyi və qanun qarşısında hamı üçün bərabər müdafiə ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının əsasını təşkil edir. İnsan hüquqlarına ədalətli və bərabər şəkildə, eyni mövqe və eyni vurğu ilə yanaşılmalıdır. ATƏT-in Kopenhagen Sənədində göstərildiyi kimi, milli azlıqlara mənsub şəxslərin müdafiəsi ilə bağlı atılan addımlar müvafiq iştirakçı dövlətin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olmalıdır.

Dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz vəzifə və öhdəliklərinə ciddi şəkildə riayət etmək bütün dövlətlər üçün eyni dərəcədə zəruridir. Milli azlıqlara mənsub şəxslərin insan hüquqlarının müdafiəsi dövlətlərin ərazi bütövlüyünü və suverenliyini pozmamalı, əksinə gücləndirməlidir", - deyə XİN rəhbəri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti