Bakı. Trend:
Aylardır ki, Azərbaycan hər iki ölkənin, nəhayət, 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, sülh, tərəqqi, inkişaf yolunda irəli addımlaması üçün fəal şəkildə Ermənistanı sülh sazişi imzalamağa təşviq edirdi.
Trend xəbər verir ki, bu barədə Trend BİA-nın baş direktorunun müavini Ləman Zeynalovanın Fransanın onlayn "La Gazette" qəzetində dərc olunan məqaləsində deyilir.
Fransa KİV bildirir ki, Azərbaycan paralel olaraq işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməklə və mütəmadi olaraq erməni silahlı qüvvələrinin artilleriya atəşini susdurmaqla, diplomatiya yolu ilə sülh əldə etmək üçün mümkün bütün addımları atıb.
"Adətən, vəziyyətin gərginləşməsi üçün bircə yanlış addım bəs edir. Bu dəfə bu addım ermənilərin yerləşdirdiyi çoxsaylı minalardan biri oldu. Sentyabrın 19-da Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu yük maşını bu minalardan birinə düşərək partlayıb. Əməkdaşlar yerindəcə həlak olublar. Elə həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən yük maşını qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb.
Terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həlak olublar. Nəticədə Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə və Ermənistan silahlı qüvvələrinin qalıqlarına yönəlmiş lokal xarakterli antiterror tədbirlərinə başlayıb", - məqalədə deyilir.
"La Gazette" vəziyyət haqqında ümumilikdə aşağıdakıları bildirib:
- Azərbaycan Qarabağda erməni separatçıların nəzarəti altında olan bütün hərbi obyektləri müvəffəqiyyətlə məhv etdi. Heç bir mülki obyekt hücuma məruz qalmayıb, dinc sakinlərin həlak olması və ya yaralanması barədə məlumat daxil olmayıb.
- Qarabağda erməni sakinlərin sayı azalmağa başlayıb, baxmayaraq ki, separatçıların "lider"ləri Ermənistana gedənlərdən pul almağa çalışırdı.
- Qarabağda heç bir "humanitar böhran" yoxdur, halbuki ermənilər son vaxtlar dəfələrlə bunu iddia edirdilər. Qarabağın erməni sakinləri getmək istədiyi təqdirdə onların çıxışı üçün yollar açıqdır.
- Türkiyə öz ərazisində lazımi tədbirləri görən Azərbaycanın tədbirlərini tam dəstəklədiyini ifadə edib.
- Son zamanlarda Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bir sıra mənfi şərhlərə məruz qalan Rusiya özünün diplomatik təmkinliyini nümayiş etdirdi.
"Son nəticədə separatçılar təslim olaraq Azərbaycanla danışıqlar aparmağa razı oldular, Bakı isə aydın şəkildə bildirdi ki, yeganə şərt Qarabağdakı separatçıların dərhal silahları yerə qoymasıdır. Axı əməl sözdən daha vacibdir", - məqalədə deyilir.
Məqalənin orijinal versiyası ilə linkə keçid edərək tanış ola bilərsiniz.
(Tərcümə: Rəna Əbdürəhmanova)