Bakı. Trend:
Lokal antiterror tədbirləri Azərbaycanın haqqı idi. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbirlə gözlədilər ki, Qarabağdakı xunta rejimi ləğv olunsun. Amma nəticəsi olmadı. Ermənistan problemin həllinə çalışmırdı, vaxtı uzatmağa çalışırdı.
Trend xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Qarabağdakı son antiterror tədbirləri zamanı mülki əhali arasında itki olmayıb. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin atdığı addımlar gərginliyin artmasına səbəb oldu. Qondarma rejim son zamanlar Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmaq, öz mövqelərini möhkəmləndirmək üçün səngərlər qazmaq, müxtəlif istehkam fəaliyyətləri, təxribat cəhdləri kimi silsilə təxribatlar həyata keçirib. Ermənistanın bu qanunsuz hərəkətlərinə Azərbaycanın cavabı gecikmədi. Qarabağda azərbaycanlı qardaşlarımız öz suverenliklərini təmin etmək yolunda addım ataraq antiterror tədbirlər keçirdilər. Azərbaycan erməni əhaliyə qarşı deyil, onların təhlükəsizliyini təmin edən, qeyri-müəyyənliyi aradan qaldıran addımlar atıb", - deyə H.Fidan əlavə edib.