Bakı. Trend:
Rəqabət Məcəlləsi yalnız sahibkarlar, bazar iştirakçıları üçün böyük dəyişiklik deyil, həmçinin, bizim bu sahədə tənzimləməni həyata keçirən həmkarlar üçün də böyük çağırışdır. Çağırışa hazırıq, düşünürük ki, sizlərin də dəstəyi ilə bunu edəcəyik.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iclasda resurs məsələsi səsləndi.
"Onu da qeyd etməliyik ki, siz istənilən dövlət məmurundan, mərkəzi icra hakimiyyəti orqanından və yaxud yerli icra hakimiyyəti orqanın rəhbərlərindən soruşsanız ki, ştat sayından və maliyyə resursundan razısınızmı? Yəqin, əksəriyyəti deyər ki, yox, bizə çatmır”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.