Bakı. Trend:
ABŞ dünyada hegemonluq edərək, ölkələrdə sabitliyi pozaraq, iqtisadiyyatlarının dağıdılmasına və ondan böyük qazanc əldə etməsinə öyrəşib. Dünya tarixinin son 60 ilinə diqqət etsək, görərik ki, dünyada baş vermiş müharibələrin və çevrilişlərin müəllifi ABŞ olub. ABŞ müxtəlif adlarla suverən ölkələrə daxil olur və özü ilə fəlakətlər gətirir. Amma ABŞ dünya tarixində heç bir ölkəyə sabitlik və inkişaf aparmayıb. Biz bunu Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriya, Afrika ölkələrində baş vermiş müharibələrdə görmüşük.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
"O cümlədən demokratiyaya dəstək adı altında ABŞ-nin yaratdığı narıncı inqilablar və ərəb baharının nəticələrinin də şahidi olmuşuq. Bu gün Ukraynanın, Qəzzanın dağılmasının senarisi ABŞ-də cızılıb və birbaşa dəstəyi sayəsində qırğınlar davam edir. Ukrayna kimi böyük iqtisadiyyata malik bir ölkəni məhvə aparır. İki qardaş xalq arasında ömürlük düşmənçilik toxumu səpib.
Beləliklə, ABŞ-nin imzası olan yerdə həmişə fəlakətlərin olduğunu görürük. ABŞ müharibələr törədir, sonra da öz silahını, bahalı enerji resurslarını satır, o cümlədən, ərəb ölkələrində yaratdığı faciələrdən istifadə edərək enerji resurslarını talan edərək, milyardlarla dollar qazanc əldə edir. Ona görə də son 60 illik dünya tarixində öz gücü ilə torpaqlarını işğaldan azad edən güclü Azərbaycanı istəməz", - millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın ABŞ-nin yardımına ehtiyacı yoxdur:
"Biz öz iqtisadiyyatımızı qura bilmişik və heç kimdən asılılığımız yoxdur. Ona görə də sözümüzü də mərdanə hamıya deyirik və heç kimin diktəsini qəbul etmirik.
ABŞ müstəqilliyimizin ilk illərindən Azərbaycana qarşı ədalətsiz olub. Belə ki, 1992-cı ildə Ermənistan torpaqlarımızı işğal etməsinə baxmayaraq, Azərbaycanı sanki işğalçı kimi qələmə verərək, ABŞ-nin Azərbaycana yardımını dayandıran azadlığa dəstək aktında 907-ci düzəliş qəbul olunmuşdu. Bu düzəliş 10 il qüvvədə qaldı və Azərbaycan MDB məkanında ABŞ-dən yardım almayan yeganə dövlət idi. Bu, ABŞ rəhbərliyinin erməni lobbisinin əlində alət olmasının göstəricisi idi. Çünki Azərbaycana qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz bir addım atılmışdı. İndi ABŞ konqresdə erməni lobbiçilərin sifarişi ilə Azərbaycana qarşı qərəzli müzakirələr aparır və ədalətsiz addımları yenidən atmaq istəyir. Yəni ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn bildirib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq və hərbi yardımları dayandıracaq.
Braynın açıqlaması ona görə ədalətsizdir ki, müzakirə olunan Azərbaycan əraziləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzanmasının tərəfdarıdır. Ermənistan isə Qərb platformasından sui-istifadə etməklə danışqlarda üstünlük qazanmağa və özlərinin çirkin niyyətlərini təsdiq etdirməyə çalışır. Amma həm Qərb, həm də Ermənistan unutmasın ki, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil".
"Bu gün Azərbaycan dövləti özünün ədalətli mövqeyini müdafiə etmək iqtidarındadır və Ermənistanla sülh müqaviləsinin imzalanamasını beynəlxalq hüqqa söykənməklə həyata keçirilməsini tələb edir. Belə ki, 80-ci illərdə Ermənistandan güc yolu ilə deportasiya olunmuş 250 min azərbaycanlının öz ata yurdlarına qayıtması və Ermənistanın işğalında qalmış anklavlar məsələləri sülh müqaviləsində əks olunmalıdır. Əgər biz davamlı sülhdən danışırıqsa gələcəkdə təhlükə yarada biləcək hər hansı bir məsələ gündəlikdə qalmamalıdır. Ona görə də ölkələrimiz arasında imzalanacaq sülh müqaviləsi birmənalı şəkildə beynəlxalq hüquqa söykənməli və qarşılıqlı hörmət əsasında imzalanmalıdır. Onu da qeyd etmək istəyirəm ki, ABŞ və Qərb Ermənistanın saxta məlumatlarına inanıb Azərbaycana təzyiq göstərmək ritoriikasından əl çəkməlidir. Sülh müqaviləsini təzyiq yolu ilə imzalatmaq mümkün deyil. Sülh qarşılıqlı razılaşma əsasında qəbul olunmalıdır", - deputat deyib.
O əlavə edib ki, ABŞ və Qərb beynəlxalq hüquqa hörmət edib ədaləti dəstəkləsəydi, BMT-nin qətnamələrinin icra edilməsi üçün 28 ildə Ermənistana təzyiq göstərmək metodunu seçərdi:
"Məhz Ermənistana heç nə deyilmədiyinə görə torpaqlarımız 30 ildə işğal altında qaldı və yenidən müharibə qaçılmaz oldu. Ermənistana dəstək verərək, onu silahlandıranlar beynəlxalq hüquqa hörmətlə yanaşaraq, ədalətli mövqe sərgiləsələr, ölkələrimiz arasında sülh müqaviləsi qısa zaman kəsiyində imzalana bilər.
ABŞ rəsmiləri Azərbaycana qarşı qərəzli açıqlamalar və hədələr işlətməklə bizi haqq yolumuzdan çəkindirə bilməz. Həm də dövlətimiz ABŞ-nin ölkəmizdəki təsisatlarının fəaliyyətinə də yenidən baxmalıdır. Çünki bu gün onların açıq şəkildə ünvanımıza təzyiq dolu açıqlamalar səsləndirdiyi kimi, ölkəmizdə siyasi sabitliyi pozmaq üçün addımların atılacağı da gözləniləndir. Ona görə də ABŞ-lə bağlı olan beynəlxalq təşkilatların, jurnalistlərin, agentura şəbəkəsinin ölkəmizdə fəaliyyətinə qadağa qoyulmalıdır".