Bakı. Trend:
“Xarici Agentlərin Qeydiyyatı Aktı” kimləri hədəf alır?
Xarici agentlər haqqında qanunun ideya müəllifi Amerika Birləşmiş Ştatlarıdır. Hitler Almaniyasına qarşı mübarizə fonunda gündəmə gələn və ilk nümunə kimi 1938-ci ildə qəbul edilən qanun “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act) adlandırılıb (https://en.m.wikipedia.org/wiki/Foreign_Agents_Registration_Act ). Hitler Almaniyasının mənafeyinə uyğun fikir bildirmək, təbliğat aparmaq, informasiya yaymaq bu qanun əsasında yasaqlanıb.
Qanun effekt verdikcə, əhatə dairəsi genişləndirilib. Almaniy mövzusunu bəhanə edərək, ümumilikdə ABŞ xarici siyasətinin əksinə çıxan hər kəsi “xarici agentlər” addlandırıblar. Beləliklə, ABŞ-da fəaliyyət göstərən, amma xarici maraqları təmsil edən şəxs və qurumların, o cümlədən KİV və QHT-lərin “xarici agent” damğası ilə işarələnməsi tendensiyası formalaşaraq inkişaf edib.
Problem ondadır ki, Hitler Almaniyasının məğlub olaraq sıradan çıxması FARA-nın aktuallığını azaltmayıb. Əksinə, xarici agentlər haqqında qanun təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Akt daha sərt formada bu gün də qüvvədədir.
ABŞ təbliğatçıları iddia edirlər ki, qanunun indiki forması öz ruhuna görə 1938-ci ildəkindən fərqlənir. Guya 1966-cı ildə tətbiq olunmuş “yeniliklər” əsasında mahiyyəti dəyişib. Məsələn, 1966-cı ilə qədər “Xarici Agentlərin Qeydiyyatı Aktı” nı pozan şəxslər Cinayət Məcəlləsinin maddələri ilə cəzalanadırılıblar. İndi isə Mülki Məcəllənin prinsipləri ilə sorğulanırlar. Yaxud, qanunun 1938-ci il versiyasında açıq tekstlə ifadə olunurdu ki, ABŞ-dan kənar mərkəzlərin siyasətinə yönəlik təbliğat-təşviqat aparanlar xarici agent kimi qeydə alınacaqlar. İndiki təqdimat isə bir qədər fərqlidir. Qanunun indiki mətnində qeyd edilir ki, “xarici hökumətlər, təşkilatlar və şəxslər üçün lobbiçilik/vəkillik fəaliyyəti ilə məşğul olmağa şərait yaradılır. Bu işlə məşğul olan şəxslər/ qurumlar xarici agent qismində Ədliyyə Departamentində qeydiyyata düşməli, müəyyən edilmiş rüsum ödəyib qanuni fəaliyyət göstərməlidirlər”. Bu maddəyə istinadla deyirlər ki, 1966-cı il dəyişikliyi qanunu liberallaşdırıb. Müxtəlif ideologiyaların və mövqelərin ifadəsinə şərait yaradıb.
Amma təcrübə göstərir ki, qanunun mahiyyəti dəyişməyib. İndiki versiyası da sərtdir, qeyri-demokratikdir. Onun tətbiq edildiyi sahələrin sayı da artırılıb, əhatə dairəsi genişləndirilib.
Maliyyə qaynaqlarının, səhmlərinin 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və kampaniyalar “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Onlar Ədliyyə Departamentində qeydiyyata düşüb fəaliyyətlərini bu əsasda qurmalıdırlar. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi ABŞ-ın nəzarətində olmalıdır. Bu çərçivəni aşanlar xarici agent kimi qeydiyyata düşməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar, daha ciddi nəzarət altında saxlanılmalıdırlar.
İndi “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın tətbiq olunmasına yönəlik nəzarət də gücləndirilib. Qanundan irəli gələn prinsiplərin qorunması üçün Ədliyyə Departamenti, Milli Təhlükəsizlik Departamenti (NSD), Daxildə Əks-Kəşfiyyat və İxrac Nəzarəti Bölməsi (CES) tərəfindən paralel nəzarət həyata keçirilir.
Təqdimat formasından asılı olmayaraq, xarici agent qanunu ABŞ-ın xarici və daxili siyasət kursunun qorunmasına xidmət edir. Bu kursdan kənara çıxanlar, müəyyənləşdirilmiş prinsiplərin ziddinə hərəkət edənlər xarici agent qanununun müddəaları üzrə cəzalandırılırlar.
Təsir dairəsi genişləndirilən Qanun indi ictimaiyyətlə əlaqələr, reklam, informasiya fəaliyyəti, fandreyzinq, lobbiçilik və sair kimi ən müxtəlif sahələri, geniş spektrli fəaliyyətləri əhatə edir.
Məsələn, 1995-ci ildə ABŞ məhkəmələri Kaliforniya film istehsalçılarının hazırladıqları, “ABŞ-ın nüvə texnologiyaları və nüvə siyasətindən” bəhs edən tənqidi ruhlu filmi bu qanun əsasında mühakimə ediblər. Hakimlər hesab ediblər ki, qeyd edilən film “xarici güclərin ABŞ-a qarşı irəli sürdükləri ittihamları ifadə edir”, “ABŞ-ın reputasiyasına xələl gətirir”. Belə məhkəmə proseslərinin sayı yüzlərlədir. “Xarici Agentlərin Qeydiyyatı Aktı” “domokl qlıncı” kimi hər kəsin başının üzərindən asılıb. 1966-cı ildə qəbul edilmiş manipulyasiya xarakterli “yeniliklər” onun təməl prinsiplərini dəyişməyib.
Qanunun sərt üzü ölkədə “daxili senzura” amilini artırır. ABŞ-ın daxili/xarici siyasətinə uyğun gəlməyən mövzularda fikir bildirilməsini, informasiya yayılmasını çərçivəyə alır, hüquqi məsuliyyət müəyyənləşdirir. Siyasi kursa uyğun olmayan mövzular üzrə maliyyə ayrılmasını, qrantlar, ianələr qəbul edilməsini, təbliğat-təşviqat işlərinin aparılmasını məhdudlaşdırır.
Bu qanun siyasətçilərə də eyni formada şamil edilir. Aydınlıq yaranması üçün qeyd edək ki, ABŞ hüquq-mühafizə orqanları tərəfindən Tramp administrasiyası ilə əlaqəli olmuş məmurlara qarşı irəli sürülmüş ittihamların bir istiqaməti də “Xarici Agentlərin Qeydiyyatı Aktı” na əsaslanır.
“Xarici Agent Aktı”nın KİV və QHT sektoruna, ifadə azadlığına təsiri
2022-ci ilin aprel ayında ABŞ Konqresinin Hüquq Komitəsi “Xarici Agentlərin Qeydiyyatı Aktı” nı müzakirəyə çıxarıb. Müzakirəyə qatılmış VCT-lər tərəfindən qanun sərt şəkildə tənqid edilib. Amerika Hüquqşünaslar Assosiasiyası təklif edib ki, heç olmasa qanunda istifadə edilmiş terminlər, ifadələr dəyişdirilsin: “Ən azı “agent” sözü “nümayəndə/təmsilçi” sözü ilə əvəzlənsin. Çünki “agent” ifadəsi yanlış təəssürat yaradır. Bu ad altında Ədliyyə Departamentində qeydiyyatdan keçənləri ləkələyir, cəmiyyətin gözündən salır” (https://factcheck.bg/en/what-is-a-foreign-agent-in-the-us/).
Çıxışçılar bəhs edilən qanunun KİV və QHT sektoruna, ifadə azadlığına neqativ təsirindən də narazılıq ediblər: “Bu qanundan siyasi məqsədlər üçün sui-istifadə edilir, tənqidi səslər susdurulur. KİV-lər məcbur edilirlər ki, bu qanun əsasında qeydiyyata düşmək üçün özlərinin fəaliyyətləri ilə bağlı bütün təfərrüatları, o cümlədən məlumat mənbələrini açıqlasınlar. Hansı ki, demokratik mühitlərdə KİV-lər məlumat mənbəyini açıqlamağa məcbur edilə bilməzlər. Məlumat mənbəyini açıqlamaq yalnız məhkəmə hökmü ilə istisna hallarda olmalıdır”.
“Xarici Agentlərin Qeydiyyatı Aktı”nda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı xüsusi müddəalar vardır. Həmçinin, qanunun tətbiq edilməsinə nəzarəti həyata keçirən Ədliyyə Departamentinin bu məsələ üzrə əlavə şərtləri də mövcuddur. Həmin şərtlərə əsasən, “Amerika siyasətinə təsir etməyə cəhd göstərən dövlətlərin ərazisində təsis edilmiş, ABŞ-da müxbir postu açmaq istəyən KİV qurumları da “xarici agent” kimi qeydiyyatdan keçməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar”.
Məhz bu şərtə uyğun olaraq, Çinin “Sinxua” Xəbər Agentliyi, Çin Mərkəzi Televiziyası, “China Daily” qəzeti ABŞ-da “xarici agent qanunu” çərçivəsində hərəkət edirlər. Eyni prinsip Rusiyanın RİA Novosti , “Sputnik”, “Russia Today”, Koreyanın KBS telekanalına və digər bir sıra ölkələrin KİV-lərinə tətbiq edilib. 2019 -2020-ci illərdə Ədliyyə Departamenti Türkiyə dövlət televiziyasının da xarici agent kimi qeydiyyata alınmasının zəruriliyi barədə rəy verib .
Qanuna əsasən, Amerika ictimai rəyinə və siyasətinə təsir etmək məqsədi ilə aparılan bütün fəaliyyətlər bu qanuna tabe olmalıdırlar.
ABŞ digər ölkələrdə bənzər qanunların qəbul edilməsinə qarşı çıxır
“Xarici agentlər” mövzusunu əhatə edən qanunlar ölkədən-ölkəyə dəyişir. Rusiyada, Macarstanda, Bolqarstanda, Kanadada, Avstraliyada, Ukraynada, Gürcüstanda qəbul edilən və ya qəbul edilməsinə təşəbbüs göstərilən qanunlar bəzən müxtəlif adlar altında təqdim olunur. Məsələn, Avstraliyanın qanunu “Xarici Təsirlərdə Şəffaflıq Sxemi Aktı” adlandırılır. Amma necə adlandırılmasının fərqinə varmadan məzmun dəyişmir.
Hər bir ölkə fərqli adlar altında olsa da, eyni məzmunlu qanunu özünün milli maraqlarına uyğunlaşdıraraq qəbul etmək istəyir. ABŞ-da olduğu kimi, bu ölkələr də öz ərazisində xarici maliyyənin dövriyyəsini nəzarətə götürməyə çalışır. Milli siyasətin əleyhinə yönəlik təbliğatı zərərsizləşdirməyə təşəbbüs edir və sair. Problem ondadır ki, ABŞ özündən başqa digər ölkələrdə bənzər qanunların qəbul edilməsinə qarşı çıxır. Birbaşa və dolayı yollarla müqavimət göstərir, bu təşəbbüsləri əngəlləyir.
Məsələn, Rusya 2012-ci ildə “xarici agent qanunu”nu qəbul edərkən, ABŞ özünün təsir dairəsində olan bütün “beynəlxalq reytinq təşkilatlarını” hərəkətə gətirdi. Rusiyanın hazırladığı layihəni “qeyri-demokratik qanun” kimi qələmə verdi. Qanun layihəsinin təsdiqlənməsinə mane olmaq üçün bütün vasitələrindən istifadə etdi. Hansı ki, Rusiyada hazırlanmış qanun layihəsi ABŞ-dakı qanunla müqayisədə daha məhdud çevrəni əhatə edirdi. Layihədə qeyd edilirdi ki, “qeyri-hökumət təşkilatları, media qurumları, fərdi şəxslər, siyasi fiqurlar xaricdən maliyyə alırlarsa, “xarici agent” qanunu üzrə qeydiyyatdan keçməlidirlər”. Qısa desək, ABŞ-da qüvvədə olan “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın bir hissəsini rus dilinə çevirərək onun bənzər versiyasını hazırlamışdılar. Buna rəğmən, ABŞ-dan sərt təpki gördülər, istimai qınağa tuş gəldilər.
Bənzər hərəkətlər Gürcüstanda da təkrar olundu. 2023-cü ilin mart ayında Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini müzakirəyə çıxaranda, ölkədəki ABŞyönlü QHT-lər, siyasi partiyalar və KİV-lər ayağa qalxdılar. 10 minə qədər “etirazçı” küçələrə axışdı. “Ağ Ev”in sözçüsü bəyanat verdi, etirazçıları dəstəklədi. Gürcüstan parlamentini belə layihəni müzakirəyə çıxardığı üçün qınadı. Niyə? ABŞ-da mövcud olan qanun bənzər versiyada Rusiyada, Gürcüstanda, digər ölkələrdə qəbul ediləndə nə dəyişəcək ki? ABŞ nədən bu qədər narahatdır?
Əslində, sual ritorikdir. ABŞ-ın bütün hərəkətləri eyni formada paradoksaldır. Özü bütün çirkinliklərə imza atır. Bütün neqativ metodlardan faydalanır. Amma başqalarına belə davranışı “rəva görmür”. Bunun da özəl səbəbləri vardır.
Rusiyada, Gürcüstanda və ya ABŞ-ın hədəfinə çevrilmiş başqa bir ölkədə bənzər qanunların qəbul edilməsi imkan yaradar ki, onlar öz ərazilərinə daxil olan xarici maliyyəni nəzarətə götürsünlər. Milli maraqlarına zidd olan təbliğatın, təşviqatın qarşısını kəssinlər. Bu isə ABŞ üçün sərfəli deyil. 70 ilə yaxındır ki, ABŞ özünün hədəfində olan ölkələrdə siyasi prosesləri bu vasitə ilə yönləndirir, özünün nəzarətində saxlayır. Qrant vermək adı ilə qanunsuz vəsaiti bu ölkələrdəki QHT-lərə, KİV-lərə, siyasi partiyalara ötürür. Qrant adı ilə rüşvət verdiyi təşkilatları lazımi anda hərəkətə gətirə bilir. Küçələrə çıxardığı etirazçıların əli ilə dövlətlərin milli siyasət kursuna təsir göstərir. Məsələn, 2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ABŞ-a məxsus donor təşkilatı-USAİD-i ifşa edən rəsmi açıqlama yaydı. Onu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi. Bəlli oldu ki, USAİD-in maliyyəsi ilə fəaliyyət göstərən bir neçə Qeyri-hökumət təşkilatına dövlət çevrilişi üzrə məşqlər keçirilib. Bu, ABŞ-ın “donor institutlarının” adlarının qarışdığı ilk qalmaqal deyil. Afrika , Asiya , Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən “məxməri inqilab”-larda USAİD başda olmaqla, ABŞ-ın donor institutlarının iştirakı görünür. Əgər Gürcüstanda da ABŞ-dakına bənzər “Xarici Agentlərin Qeydiyyatı Aktı” qəbul edilsəydi, ABŞ-dan gələn bütün maliyyə nəzarətə götürülə bilsəydi, proseslər indiki həddə qədər yüksəlməzdi. Hədəf ölkələrdə “Xarici Agentlərin Qeydiyyatı Aktı”na bənzər qanunların qəbul edilməsi ABŞ-ın xidmətində dayanmış KİV, QHT və siyasətçilərin nəzarətə götürülməsi deməkdir. ABŞ-dan bölgəyə uzanan əlin kəsilməsi üçün hüquqi baza yaradılması deməkdir.
Son dövrlərdə Azərbaycanla ABŞ arasında yaranmış gərginlik də eyni kontekstdədir. Bəlli olur ki, burada fəaliyyət qurmuş ABŞyönlü “QHT və KİV-lər”in maliyyə qaynaqlarının nəinki 20 faizi, hətta 100 faizi xaricdən qidalanır. Təbliğatları da, təşviqatları da ABŞ-dan yanadır. İfadə azadlığı, demokratik dəyərlər prinsipinə bürünərək dövlətin milli siyasətinə qarşı çıxırlar. Nəinki ABŞ-ı, hətta müharibə vəziyyətində olduğumuz Ermənistanı da açıq tekstlə müdafiə edirlər.
“Abzas Media” hadisəsi üzrə aparılan istintaq prosesi bu istiqamətdə ciddi faktları üzə çıxarır. İstintaq qurumlarının ictimailəşdirdikləri ilkin məlumatlardan aydın olur ki, ABŞ “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi”, “Amerika Beynəlxalq Təhsil Şurası”, “People in Need” (PİN), “Norveç Helsinki Komitəsi” və digər 10-larla təşkila 100 minlərlə, milyonlarla dollar məbləğində vəsaiti qeyri-leqal formada ölkəmizə gətiriblər. Bu vəsaiti heç bir qeydiyyat sənədi olmadan Azərbaycanın “QHT və KİV” sektoruna, siyasi mərkəzlərə ötürüblər. Vəsaitin hansı aksiyalar üzrə xərcləndiyi bəlli deyil.
Məhkəmə hökmü olmadan, nəinki “AbzasMedia”nın, hər kimsənin günahkar sayılmasının əleyhinəyik. Bəlkə də qanunsuz vəsaiti realizə etmiş başqa subyektlər üzə çıxacaq. Amma problem ondadır ki, qanunsuz vəsaitin ölkəyə keçirildiyini təsdiqləyən sübutlar mövcuddur. Bu vəsaitlərin heç biri qeydiyyatdan keçirilməyib, qeyri-leqal formada realizə olunub. İza var, son məntəqə axtarılır. İstintaq hər şeyi müəyyən edəcək.
Problem ondadır ki, ABŞ bu mövzular üzrə qanuni araşdırmalar aparılmasına mane olmaq istəyir. Təbliğat işini elə qurub ki, “qanunsuz, qeydiyyatsız qrant vəsaitləri” mövzusu yaddan çıxıb. Hər kəs “Azərbaycanda 5 nəfər jurnalistin həbsindən” danışır. “Söz, ifadə azadlığının təhlükədə olması” barədə bəyanat verir. ABŞ təbliğat maşını Azərbaycanı ittiham edir ki, guya “jurnalistlər arasında agent ovuna çıxıb”. Hansı ki, istintaqa cəlb edilənlərə “xarici agent” deyən yoxdur. Çünki, ABŞ-dan fərqli olaraq, Azərbaycanda xarici agentlərin qeydiyyatı haqqında qanun ümumiyyətlə yoxdur. “Jurnalistə” “Agent” demək ənənəsi ABŞ-a məxsusdur, bizə yox.
Bu səs-küyün fonunda gizlədilən sadə bir həqiqət var: Xarici ölkədən qrant vəsaiti alırsansa, onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlisən. İndi istintaq gedir, alınmış vəsaitin hansı səbəblə gizlədildiyi araşdırlır. Bizim “qrantalanalar” olub-olmayan bütün qanunları, prinsipləri tapdalayırlar. Arxayın olublar ki, dar məqamda ABŞ səsini başına atacaq, onları müdafəsi üçün dünyanı ayağa qaldıracaq.
Mətbuat Şurasının sədr müavini
Müşfiq Ələsgərli