...

Paşinyan xalqını uçuruma, ölkəsini dalana aparır

Siyasət Analytics 6 Dekabr 2023 13:52 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyanın "Sülh yolayrıcı" layihəsi ilk mərhələsinə qədəm qoymamış mənasını itirib.

İrəvandakı hakimiyyətə hamilik edən Qərb ermənilərə açıq şəkildə bəyan edib ki, Paşinyanın yeni layihəsi onlara maraqlı deyil. ABŞ və Avropa İttifaqı məmurlarının fikrincə, "Sülh yolayrıcı" layihəsinin ideyası absurddur, irrealdır və belə layihəyə onlar nə vaxt, nə də pul sərf etməyəcəklər.

Çox yəqin Nikol Paşinyan güman edib ki, Vaşinqtonda və Brüsseldəki məmurlar Ermənistanda ona səs vermiş Mkrtıçlar və Aşotlar ağıldadır - bu səbəbdən animasiyada "əla görünən" layihə sərsəmlik olsa da, effektivliyinə inanacaqlar.

Qərb Paşinyana hələlik yumşaq şəkildə anlatmağa çalışıb ki, Cənubi Qafqaz bölgəsindəki tranzit marşrutların xəritəsində ciddi dəyihikliklər yalnız Rusiyanın xeyrinə ola bilər.

ABŞ və Avropa İttifaqı isə buna imkan verməyəcəklər.

Halbuki ermənilər öz aləmlərində prosesə ciddi və təfsilatlı hazırlıqla başlamışdılar. Oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan Nikol Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona və ölkəsinin bölgədəki yerinə yeni baxışını nümayiş etdirmək istədi.

O, dərk etmirdi ki, xülyalarını reallıq kimi təqdim edir.

Ermənistanın baş nazirinin dediklərinə görə, onun ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək.

Bir şərtlə: yeni transmilli və beynəlxalq loqistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə, yalnız Ermənistanın müvafiq qurumları nəzarət etməlidir. Yəni bütün infrastruktur, o cümlədən avtomobil, dəmiryol, hava qəliyyatı, boru kəmərləri, kabellər, elektrikötürmə xətləri və s.-nin təhlükəszliyini Ermənistan təmin edəcəkmiş.

Paşinyanın dediyinə görə, Azərbaycanın qərb bölgələrindən Naxçıvana və əks istiqamətdə hərəkət edəcək şəxslərlə yüklərin gömrük, sərhəd və s. yoxlamalarını Ermənistan reallaşdırmalıdır.

Daha sonra ermənilər Tbilisidə elə vəcdə gəldilər ki, Ermənistanın infrastruktur və ərazi-idarəetmə nazirinin müavini Hakop Vardanyan demişdi: "Gələcəkdə Azərbaycandan təbii qaz almağa, hətta Azərbaycan qazının Avropaya nəqlində tranzit məkan olmağa hazırıq".

Nikol Paşinyanın və komandasının təklifləri yalnız o zaman gerçəkləşə bilərdi ki, Ermənistan region dövlətləri olan Azərbaycan, Rusiya, Türkiyə və İran tərəfindən ciddi, normal tərəfdaş qismində qəbul olunardı.

Amma bu, əsla belə deyil. Bakı, Moskva, Ankara və Tehran bölgədə tərəfdaşlıqla intensiv əməkdaşlıq üçün daha yaxşı vəziyyətin formalaşmasına çalışırlar, bunun üçün də bütün imkanları var.

Ermənilərinsə 4 dəniz və 2 okeana rahat çıxış yolları əldə etmək ideyası isə yalnız onun maraqlarına xidmət edir.

Cənubi Qafqazda gerçək "Sülh yolayrıcı" Naxçıvandır.

Ermənistan isə yolayrıcı yox, həmsərhəd olduğu 4 ölkədən ikisi (Azərbaycan və Türkiyə) ilə sərhədləri hələ də bağlı qalan nəqliyyat dalanıdır.

Amma bu bədbin variant belə, İrəvanın inad edəcəyi və Azərbaycanla danışıqlardan yayınmağa davam edəəcyi təqdirdə hadisələrin mümkün inkişaf məcrası ilə paradoksal olsa da, daha nikbin görünür.

Yekun sülh sazişinin imzalanması və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi proseslərində tutduğu indiki zərərli, fasiləsiz olaraq süni maneələrin yaradılmasına yönəlmiş mövqeyindən əl çəkməzsə, rəsmi Bakı alternativ variantlara əl atacaq.

Yəni rəsmi Bakı sülh sazişinin imzalanmasından prinsip etibarilə imtina edərək Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinə artıq ehtiyac duymadığını bəyan edə bilər.

Belə olarsa, Ermənistanın vəziyyəti fəlakətə yaxınlaşacaq: yeni nəqliyyat kommunikasiyaları olmayacaq, Azərbaycan və Türkiyə ilə sərhədlər açıqlmayacaq, Rusiya ilə zatən çox pis olan münasibətlər daha da pisləşəcək.

Nikol Paşinyan hadisələrin bəhs etdiyimiz məcrada inkişafının qarşısını almaq üçün Ermənistanın Gürcüstan v İranla əlaqələrini genişləndirməyə çalışır. Belə ki, hazıda İrəvandan İran sərhədinədək gedən yol dağ aşırımlarından keçirsə, yeni körpülər və tunellər hesabına daha rahat, düz olacaq Aqarak-Qacaran trasının inşası nəzərdə tutulub.

Eyni zamanda, Nikol Paşinyan Azərbaycanla ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının qarşılıqlı şəkildə tanınmasını nəzərdə tutan müqavilə imzalamaq istəyir. Onun məqsədi Cənubi Qafqazda dayanıqlı sülhün və stabilliyin bərqərar olmasına yönəlmiş addım atmaq deyil.

Paşinyan öz aləmində hiyləgərcəsinə davranaraq Bakı ilə anlaşmaq, sonra da vəziyyətdən yararlanaraq Türkiyə ilə sərhədin açılmasına nail olmaq istəyir.

Bu da xam xəyaldır, çünki Azərbaycan Ermənistanla hansısa natamam, mərhələli, yarımçıq anlaşma yox, sülh sazişi imzalamaq niyyətindədir. Eyni zamanda, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası problemi, erməni işğalındakı 8 kəndimizin azad edilməsi, kommunikasiyaların bərpası və digər məsələlər də həllini tapmalıdır.

Türkiyənin də mövqeləri faktiki olaraq eynidir: Ermənistan Azərbaycanın təkliflərini qəbul edərək şərtlərini yerinə yetirməzsə, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması uzaq perspektivin məsələsidir.

Qarabağda sülhməramlı missiyasını minimuma endirən, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Qərblə loqistik və ticari-iqtisadi əlaqələrin əksəriyyətini itirən Rusiya üçün Cənubi Qafqazda istənilən yeni marşrut yeni iqtisadi imkanlar, həmin marşruta qismən və ya tam nəzarət isə bölgədə ifrat dərəcədə zəifləmiş mövqelərinin tədricən bərpasına yönələ biləcək imkandır.

Cənubi Qafqaz Rusiya üçün həyati önəm daşıyan geosiyasi maraqlar zonası olaraq qalır. Buna görə də Moskva regional nəqliyyat-loqistik və iqtisadi layihələrdə fəal iştirakını Qərblə geosiyasi rəqabət müstəvisində önəmli amil hesab edir. Qərbin bölgədən Rusiyanı sıxışdırıb çıxarmaq strategiyası isə qarşı tərəfin mövqelərinin daha da güclənməsinə səbəb ola bilər. Yəni “soyuq savaş” illərindəki “sıfır məbləğlə oyun” taktikasının məntiqini Moskva yenidən işə sala bilər.

ABŞ, Fransa və Avropa İttifaqını ciddi narahat edən əsas məqamlardan biri də budur.

Məhz sadaladığımız amillərə və məqamlara görə rəsmi Bakı Zəngəzur dəhlizi layihəsininin statusunu adi yoldan yüksək, dəhlizdən bir qədər aşağı hesab edir.

Azərbaycanın qərb bölgələrini Naxçıaanla birləşgirəcək Zəngəzur dəhlizinin Ermənistanın indiki ərazisindən keçməsinə İrəvan razılıq verməzsə, dəmir yolu və şosse İrandan keçərək Naxçıvana çatdırılacaq.

Alternativ, “Şərqi Zəngəzur dəhlizi” addandırılan layihə ilə bağlı Bakı və Tehran arasında memorandum da imzalanıb, anlaşma da əldə edilib. İki layihə arasında fərq böyük deyil: Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçərsə uzunluğu 42 km, İrandan keçəcək hissəsi isə 50 km-dir. Sadəcə, İran ərazisində 2 körpü inşa edilməli, əlavə olaraq 8 km yol çəkilməlidir.

İran layihənin ikinci variantının, Rusiya isə ilk, yəni 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda (14-cü bənd) nəzərdə tutulmuş ilkin variantının həyata keçirilməsini istəyir.

Çünki Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçərsə, Moskva marşruta nəzarət funksiyalarını əldə edəcək. Ermənistanın dəmiryol şəbəkəsi bütünlüklə Rusiyanın “Rusiya Dəmir Yolları” dövlət konserninin mülkiyyətidir. Ermənistanın İranla sərhədində də rusiyalı sərhədçilər durublar.

Marşrut İran ərazisindən keçərçə, bəhs etdiyimiz sxemlər işləməyəcək, Rusiya bütün üstünlüklərini itirəcək.

Göründüyü kimi, Nikol Paşinyan illüziyalara qapılaraq Ermənistanı sülh yolayrıcında görür.

Halbuki ermənilər indi dalandadır. Onlara çıxış yolu təklif olunsa da, revanşizm, yeni müharibəyə hazırlıq və siyasi idiotizm İrəvanda məntiqə üstün gəlir...

Xəbər lenti

Xəbər lenti