...

Ermənistanın apardığı təcavüzkar müharibə gedişində törədilmiş bir sıra konkret cinayət faktları açıqlanıb

Siyasət Materials 18 Fevral 2025 20:12 (UTC +04:00)
Ermənistanın apardığı təcavüzkar müharibə gedişində törədilmiş bir sıra konkret cinayət faktları açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Məhkəmə iclasında dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayıb.

Qeyd edilib ki, 1988-ci ilin fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı 17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada kütləvi şəkildə həmin institutdan qovulub.

1988-ci il fevralın 20-də - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində odlu silahlarla aramsız atəşlər açılması nəticədə Xankəndi şəhərinin dinc mülki sakini Əhmədov Əhməd Bəhmən oğluna güllə yarası xəsarəti yetirilib.

1988-ci il iyulun 9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl qumbaraları aşkar edilərək götürülüb.

1988-ci il sentyabrın 20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahlardan və tüfənglərdən istifadə olunmaqla edilmiş hücum nəticəsində həmin kəndin dinc sakini Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu qəsdən öldürülüb.

Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Ayrapetyan Slavik Calaloviç, kombinatın partiya komitəsinin katibi Köçəryan Robert Sedraki, baş mühəndis Simonyan Vladimir Semenoviç, həmkarlar təşkilatının sədri Mesropyan Bella Surenovna və qeyriləri 1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.

Ermənistan Respublikası Silahlı Qüvvələrinin törətdiyi çoxsaylı cinayətləri videolentə alaraq dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndinə ezam olunmuş Azərbaycan Dövlət Televiziyasının “215 KL” studiyasının rəhbəri, jurnalist Mustafayev Çingiz Fuad oğlu həmin gün saat 11:00 radələrində çəkiliş apararkən yaxınlığına düşüb partlamış minaatan mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində qəsdən öldürülüb.

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, “OQ-9M” markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü azyaşlı Quliyeva Zəhra Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.

2020-ci il iyulun 14-də Ermənistan Respublikasının Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş “Ara postu” adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən “N” saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu və gizir Babayev Yaşar Vasif oğlu qəsdən öldürülüb.

2020-ci il oktyabrın 2-də işğal altında saxlanılan Ağdərə, Ağdam rayonları və digər ərazilərdəki mövqelərdən “Qrad” (“BM-21”) reaktiv yaylım atəş sistemlərindən, iriçaplı digər silahlardan Tərtər rayonunun hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, dinc əhalinin sıx yaşadığı yerlərinə açılmış çoxsaylı atəşlərin mərmilərindən birinin Tərtər rayon prokurorluğunun inzibati binasının qarşısında avtomobil yolunun üzərinə düşüb partlaması nəticəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktlarına görə başlanmış cinayət işləri üzrə yaradılmış istintaq qruplarının üzvü, Sumqayıt şəhər prokurorluğunun Tərtər rayon prokurorluğuna ezam olunmuş böyük müstəntiqi Həsənov Ozal Mübariz oğluna sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti