Bakı. Trend:
Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və təbii fəlakətlərlə mübarizə kimi yeni dövrün çağırışları bütün Türk dünyasını vahid hədəflər ətrafında birləşdirməyə vadar edir. Bu çağırışların öhdəsindən gəlmək yalnız strateji düşüncə və ortaq vizyonla mümkündür. TÜRKPA bu baxımdan hədəflərimizi və məqsədlərimizi bir araya gətirən unikal platformadır.
Trend xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemin Öztürk “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.
O, Türk dünyasının siyasi, iqtisadi və mədəni birliyində Şimali Kiprin ayrılmaz bir parça olduğunu vurğulayıb:
“Şimali Kipr türk xalqının Türk dünyası ilə ortaq köklərə, tarixə və dəyərlərə söykənən bağları möhkəmdir və bu birlik yalnız mədəni münasibətlərdə deyil, strateji əməkdaşlıq sahəsində də özünü göstərməlidir. Tarix, dil və mədəniyyət birliyimiz müdafiə və təhlükəsizlik sahələrində də qarşılıqlı bərabərliyimizi ortaya qoyur. Bu mənada türk dövlətləri arasında sağlam dialoqun davamlı inkişafı və müdafiə sənayesi sahəsində ortaq infrastrukturun qurulması strateji əhəmiyyət daşıyır”.
Nümayəndə əmin olduğunu bildirib ki, Şimali Kiprin Türk dünyası ilə mədəni əlaqələrinin daha da gücləndirilməsi xalqlarımız arasında əməkdaşlığı dərinləşdirəcək və ortaq gələcəyimizin qurulmasına töhfə verəcək.