...

Avropa Şurası və onun institutları mürəkkəb geosiyasi mənzərədə etibarlı beynəlxalq aktor funksiyasını itirir – ŞƏRH

Siyasət Materials 15 Aprel 2025 14:21 (UTC +04:00)
Avropa Şurası və onun institutları mürəkkəb geosiyasi mənzərədə etibarlı beynəlxalq aktor funksiyasını itirir – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının sədri Teodoros Rusopulosun isterik bəyanatı bir daha AŞPA-nın qərəzli, aqressiv mahiyyətini ortaya qoyur və Prezident İlham Əliyevin sözügedən təsisat haqqında fikirlərinin hədəfə dəydiyini təsdiqləyir. AŞ kimi təsisatlar qlobal elitanın və ya qapalı güc qruplarının maraqlarını irəli aparmaq üçün yaradılan vasitələrdir. Bu qurumlar dövlətlərin daxili siyasətinə təsir edir, insan haqları, demokratiya, müxtəliflik, gender bərabərliyi kimi anlayışlar vasitəsilə ideoloji təxribatlar törədirlər. Əsas məqsəd isə dövlətlərin suverenliklərini zəiflətmək və mərkəzləşmiş qlobal idarəetmə yaratmaqdan ibarətdir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə, son illərdə beynəlxalq siyasi məkanlarda baş verən hadisələr, xüsusilə də Avropa qurumlarının fəaliyyət istiqamətləri və iç dinamikası bir daha göstərir ki, bəzi təsisatların mövcudluğu yalnız formal xarakter daşıyır:

“Xüsusilə Avropa Şurası və onun parlament qanadı olan AŞPA, həm siyasi səmərəsizliyi, həm də etibarsızlığı ilə diqqət mərkəzinə düşüb. Bu qurumlar, demək olar ki, siyasi sistemlərində nüfuz qazana bilməyən, xalq tərəfindən dəstəklənməyən, əksər hallarda isə öz ölkələrində marginal status daşıyan siyasətçilər üçün bir növ “siyasi sığınacaq” funksiyasını yerinə yetirir.

Məlum olur ki, “demokratiya”, “insan hüquqları” və “azad cəmiyyət” şüarları ilə çıxış edən bir çox siyasətçi əslində müxtəlif lobbi qruplarının, xüsusən də erməni lobbisinin təsiri altındadır. Bu qurumlarda çalışan şəxslər bəzən elə davranırlar ki, sanki bir mərkəzdən idarə olunur, bir mövqedən danışırlar. Bu isə siyasi plüralizmin yox, mərkəzləşdirilmiş təsirin göstəricisidir”.

A.Kərimli vurğulayıb ki, AŞPA-nın Cənubi Qafqaza yanaşması qurumun obyektivlikdən uzaq olduğunu bir daha nümayiş etdirir.

“Azərbaycanla münasibətlərin gərginləşməsi, Ermənistanla bağlı məsələlərdə ikili standartların tətbiqi və qeyri-obyektiv hesabatların hazırlanması AŞPA-nı bölgədə etibarsız tərəfdaşa çevirib. Nəticədə qurum özü özünü regiondan təcrid etmiş vəziyyətə salıb. Əgər bu gün Avropa siyasətində yaşanan böhranlara diqqətlə baxsaq, onların əksəriyyətinin kökündə qərarsızlıq, bacarıqsızlıq və əxlaqi deqradasiya durur. Qlobal miqyasda etibarını itirən, daxildə isə populizmin yüksəlişi ilə çarpışan Avropa siyasətçiləri ciddi ideoloji və strateji iflasa uğrayıblar.

Avropa Şurası və onun institutları XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində artıq etibarlı və təsirli beynəlxalq aktor funksiyasını itirməkdədir. Həm öz içində yaşanan böhranlar, həm də tərəf tutan, sifarişli siyasət aparmaları onları beynəlxalq ictimaiyyətin gözündə qeyri-obyektiv, formal və marjinal qurumlara çevirib. Bu mənada, onların gələcək varlığı və legitimliyi ciddi sual altındadır”, - deyə deputat qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərli isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra dövlətimizə qarşı total hücumlar səngimir:

“Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə fərqlənən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşır. Ötən il bədxahcasına Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edən bu qurum hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə alır. 30 il müddətində Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi açıq aydın ikiüzlülükdür. Həm AŞPA, həm də Avropa Parlamenti islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsidir.

Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən AŞPA-ya üzv olan zaman ümid edirdi ki, bu qurumlar dövlətimizin və xalqımızın üzləşdiyi ədalətsizliklərin aradan qaldırılmasında yardımçı olacaq. Lakin bu, baş vermədi.

Əksinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görülmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndilər. AŞPA bu illər ərzində qurumun bir üzvü, işğalı həyata keçirən Ermənistanın, digər üzv dövlət - Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlaması faktına göz yumdu”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti hər zaman Avropa Şurası və bütün beynəlxalq təşkilat və birliklərlə səmərəli əməkdaşlığın tərəfdarı olub.

“Azərbaycan üzv olduğu təşkilatlarda da baş verən qlobal proseslərə obyektiv münasibət ortaya qoyub və bu yanaşmanı da özünə qarşı gözləyib, lakin zaman təsdiq edib ki, bu təşkilatların əksəriyyəti sadəcə müəyyən beynəlxalq qüvvələrin, hansısa dövlətlərin əlində alətdir”, - deyə M.Cəfərov fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti