Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını müsbət qiymətləndiririk, bu proses bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Ankara son dövrlərdə Bakı və İrəvan arasında artan diplomatik təmasları yaxından izləyir və bu prosesə tam dəstək verir. Tərəflər arasında sülh sazişinin mətni üzərində razılığa gəlinməsi məsələsi yalnız ikitərəfli münasibətlər üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından ümidverici və vacib inkişafdır. Bu razılaşma Cənubi Qafqazda uzun müddətdir davam edən gərginliyə son qoymaqla yanaşı, bölgədə sabitlik və təhlükəsizlik mühitini möhkəmləndirəcək, tərəfdaşlıq və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Trend xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.
O, bölgədə dayanıqlı sülhün təmin olunmasının yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, sosial və mədəni sahələrdə inkişafın əsas şərtlərindən biri olduğunu xüsusi vurğulayaraq bildirib: “Türkiyə hər zaman regional sabitliyin və qarşılıqlı hörmətə əsaslanan sülhün tərəfdarı olub, bundan sonra da bu mövqeyinə sadiq qalacaq. Türk dünyasında birliyin və həmrəyliyin artması yalnız mədəni və tarixi baxımdan deyil, həm də təhlükəsizlik, strateji baxımdan qlobal əhəmiyyət daşıyır”.