...

Azərbaycan bu gün zamanı qabaqlayır – Mixail Qusman “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)

Siyasət Materials 10 Fevral 2026 10:54 (UTC +04:00)
Azərbaycan bu gün zamanı qabaqlayır – Mixail Qusman “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq” videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin bu dəfəki qonağı görkəmli jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai xadim, Azərbaycan, Rusiya, İtaliya, Belarus, Qazaxıstan, Moldova dövlət ordenlərinin və çoxsaylı beynəlxalq mükafatların laureatı Mixail Qusman olub.

Tofiq Abbasovla əhatəli söhbət zamanı Mixail Qusman Cənubi Qafqazda baş verən mövcud geosiyasi proseslərə, Azərbaycanın yeni regional arxitekturanın formalaşmasındakı roluna və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfərinin əhəmiyyətinə geniş qiymət verib.

M.Qusmanın sözlərinə görə, ABŞ vitse-prezidentinin səfərinin özü dərin strateji dəyişikliklərin göstəricisidir: “ABŞ vitse-prezidentinin regiona gəlişi artıq çox mətləbləri izah edir. Bu o deməkdir ki, burada gələcəkdə çox ciddi proseslərin əsası qoyulur”.

O xatırladıb ki, hələ illər əvvəl ABŞ-də partiyadaxili prosesləri izləyirdi və elə o zaman respublikaçı administrasiyanın Cənubi Qafqaza önəm verməsi aydın görünürdü.

“ABŞ Prezidenti Tramp hələ o vaxt Amerika siyasətinin inkişaf istiqamətini kifayət qədər dəqiq proqnozlaşdırmışdı. Prezident İlham Əliyev isə gələcək seçkilərin nəticələrini və ikitərəfli münasibətlərin xarakterini tam dəqiqliklə müəyyən etmişdi”.

M.Qusman vurğulayıb ki, ABŞ vitse-prezidentinin Bakıya səfəri bu proqnozların birbaşa təsdiqi və əvvəllər ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların məntiqi davamıdır.

Söhbət zamanı ötən ilin 8 avqustunda Ağ Evdə keçirilmiş görüşə xüsusi diqqət yetirilib. Proqramın qonağının sözlərinə görə, məhz həmin vaxt regionun yeni siyasi reallığının “başlanğıc nöqtəsi” qoyulub.

Cey Di Vensin səfərini şərh edən Mixail Qusman qeyd edib ki, söhbət artıq əldə olunmuş razılaşmaların praktik icrasından gedir:

“O faktda da diqqət yetirmək vacibdir ki, vitse-prezident təkbaşına yox, bütöv bir komanda ilə gəlib. Bu o deməkdir ki, masada konkret məsələlər olacaq və ABŞ bu regionda ciddi şəkildə möhkəmlənmək niyyətindədir”.

Cənubi Qafqazın strateji əhəmiyyətindən danışan M.Qusman vurğulayıb: “Bu region bu gün dünya iqtisadiyyatının qan damarları üçün əsas nöqtədir. Çindən Amerikaya, Avropadan İrana qədər – maraqlarını burada görməyən ölkə yoxdur”.

Zəngəzur dəhlizi layihəsinə ayrıca diqqət çəkilib. M.Qusman bu layihəni XXI əsrin ən mühüm infrastruktur layihələrindən biri adlandırıb.

Mixail Qusman Azərbaycanın regional sülh və sabitliyin təşəbbüskarı kimi rolunu da yüksək qiymətləndirərək qalib siyasətinin humanist xarakterini vurğulayıb: “Qalib humanist olmalıdır. Azərbaycan bunu ardıcıl və prinsipial şəkildə nümayiş etdirir”.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh qəti xarakter daşıyır: “Azərbaycan münaqişəyə nöqtə qoyduqdan sonra regiona sülh birdəfəlik gəldi. İndi vəzifə bu şəraitdə yaşamağı öyrənməkdir”.

Sonda Mixail Qusman qeyd edib ki, bu gün Azərbaycanda gələcəyə yönəlmiş praqmatiklər və rasionalistlər üstünlük təşkil edir: “Marjinalların vaxtı keçir. Azərbaycanda əsas trendləri ölkəsinin gələcəyi haqqında düşünən insanlar müəyyənləşdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti