Azərbaycan və Rusiya arasında çoxlu sayda iş problemi mövcuddur və onların müəyyən hissəsi Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq. Bu barədə Trend ə eksklüziv müsahibəsində Rusiyanın Bakıdakı işləri üzrə müvəqqəti müvəkkili Pyotr Burdıkin bildirib.
Onun sözlərinə görə, iclasın dəqiq tarixi hələlik müəyyn olunmayıb, lakin onun payızın sonuna kimi dəqiqləşəcəyi nəzərdə tutulub.
"Artıq 2005-ci ildə mal dövriyyəsinin iki dəfə artırılaraq 1 mlrd dollara çatdırılması ilə bağlı hər iki ölkənin prezidentlərinin göstərişləri yerinə yetirilməlidir. Həmçinin, Rusiya enerji daşıyıcılarının qiymətinin artması məsələlərinin müzakirəyə çıxarılacağı da istisna olunmur", - deyə diplomat əlavə edib.
"Rusiya və Azərbaycanın nümayəndə heyətlərinin bu danışıqlarda hansı təkliflər irəli sürəcəyi mənə məlum deyil. Lakin "qiymətlərin qalxması mövzusu" həmişə Azərbaycan və Rusiya arasında təhlükə mənbəyi olaraq qalıb".
Rusiya qazının qiymətinin qalxması məsələsini şərh edərkən, o bildirib ki, bu məsələ bir ideya kimi mövcuddur və müzakirəyə çıxarılması gözlənilir.
"Rusiya və Azərbaycan ÜTT-yə daxil olaraq dünya qiymətləri əsasında ticarət etməyə can atır. Hamı ilə bazar şəraitində ticarət etmək isə normaldır", - deyə P.Burdıkin sonda qeyd edib.