...

Etibar Məmmədov: "Əli Əliyev qurultayda sədr seçilərsə vəzifəsini icra etsin, seçilməsə getsin başqa işlə məşğul olsun"

Siyasət Materials 9 Yanvar 2006 15:04 (UTC +04:00)

Əli Əliyev artıq Milli İstiqlal Partiyasının sədri səlahiyyətlərini daşımır. Trend in məlumatına görə, bu barədə yanvarın 9-da mətbuat konfransı keçirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov məlumat verib. O, bildirib ki, partiyanın sonuncu qurultayında sədr seçilmiş Əli Əliyev üzərinə düşən vəzifələri yerinə yetirməməklə bərabər, Nizamnamə pozuntularına yol verib, partiyanın seçkili orqanlarının səlahiyyətlərini mənimsəməyə cəhd göstərib. Bu da partiyada daxilində narazılıqlar yaradıb.

Etibar Məmmədovun sözlərinə görə, bu problemləri müzakirə etmək məqsədilə Siyasi Şuranın iclası keçirilib, Əli Əliyevə də müraciət olunmasına baxmayaraq o, bu iclasa qatılmayıb. AMİP Mərkəzi Şurasının 72 nəfər üzvü fövqəladə iclasın çağırılması tələbi ilə sədrə müraciət edib, lakin bu iclasda da Əli Əliyev iştirak etməyib.

Etibar Məmmədov bildirib ki, yanvarın 8-də Mərkəzi Şuranın 102 nəfər üzvünün iştirakı ilə keçirilən iclasda Əli Əliyevə Nizamnaməni pozduğuna görə etimadsızlıq göstərilib. Bu il yanvarın 22-də partiyanın fövqəladə qurultayı çağırılıb. Etibar Məmmədov qeyd edib ki, artıq sədr vəzifəsindən kənarlaşdırılan Əli Əliyevin bu qurultayda iştirak edərək öz səlahiyyətlərini bərpa etmək imkanı var.

AMİP lideri Əli Əliyevin bəzi açıqlamalarına görə, onu etik normaları aşmaqda, hətta böhtan atmaqda ittiham edib. E.Məmmədovun sözlərinə görə, Əli Əliyev partiya üzvləri ilə, seçkili orqanlarla işləməyi bacarmır, özünün əleyhdarlarını partiyadan uzaqlaşdırmaq mövqeyi tutub: "Əli Əliyevin cəsarəti varsa, gəlib qurultayda gücünü göstərsin, özünün müdafiə etsin, əgər sədr seçilərsə öz vəzifəsini icra etsin, seçilməsə getsin başqa işlə məşğul olsun"-deyə E.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti