...

Son illər məhkəmə hakimiyyətinin təminatına xüsusi diqqət yetirilib

Siyasət Materials 2 Fevral 2006 20:53 (UTC +04:00)

2000-ci ildən başlayaraq Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin təminatına xüsusi diqqət yetirilmişdir. Trend xəbər verir ki, bu sözləri Məhkəmə Hüquq Şurasının iclasında Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov söyləyib.

F.Məmmədov qeyd edib ki, ötən dövr ərzində 52 məhkəmə binası əsaslı təmir edilib, 7 yeni məhkəmə binası inşa olunub, 18 məhkəmə üçün yeni bina ayrılıb. Hakimlərin iqtisadi cəhətdən müstəqilliyinin təmin olunması üçün onların əmək haqları 20 dəfə artıb.

"Ölkədə yeni məhkəmələr fəaliyyətə başlayıb, islahatlar nəticəsində məhkəmələrin səlahiyyətləri xeyli genişlənib, insan hüquqlarının təminatı ilə bağlı əsas mübahisələr müstəsna məhkəmə səlahiyyətlərinə daxil edilib" - deyə nazir qeyd edib.

F.Məmmədov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, 2005-ci ildə baxılmış mülki işlərin sayı 1999-cu illə müqayisədə 3 dəfədən artıq artıb. Hər il məhkəmələr tərəfindən 10 minə yaxın prosesual məcburiyyət tədbirləri ilə bağlı təqdimatlara da baxılıb.

"2000-ci ildə həyata keçirilmiş hakim seçkiləri zamanı hakim korpusunun 60 faizinin təcrübəsiz olması ədalət mühakiməsinin həyata keçirilməsinə mənfi təsirini göstərmişdir. Yeni qaydalara görə isə, bu cür təcrübəsi olmayan şəxslər uzunmüddətli tədris kurslara cəlb olunacaqlar" - deyə nazir söyləyib.

Nazirin sözlərinə görə, mövcud hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar qanunvericilikdə müddəalar təsbit olunmuş, bütün bu və digər çoxsaylı tədbirlər ədalət mühakiməsinin səmərəsinin artmasına yönəlmişdir".

F.Məmmədov ölkə başçısının 19 yanvar 2005-ci il tarixdə imzaladığı məhkəmələrinin müasirləşdirilməsinə dair fərmanını da yüksək qiymətləndirib və məhkəmə islahatlarında yeni mərhələ adlandırıb. "Möhtərəm Prezidentimizin həmin fərmanı və qanunvericiklikdə edilmiş dəyişikliklər bölgələrdə yeni məhkəmələrin və vətəndaşlara daha əlverişli şəraitin yaradılmasına yönəlmişdir".

Nazir fərmandan irəli gələn məsələlərin tezliklə həyata keçirilməsi istiqamətində bir sıra tədbirlər planının hazırlandığını da söyləyib.

Xəbər lenti

Xəbər lenti