...

Rüfət Aslanlı: "Azərbaycanın bank sistemi kifayət qədər sabitdir"

Siyasət Materials 16 Fevral 2006 12:25 (UTC +04:00)
Rüfət Aslanlı: "Azərbaycanın bank sistemi kifayət qədər sabitdir"

Azərbaycanın bank sisteminin sabitləşməsinə milli valyutanın möhkəmlənməsi və kredit portfelinin kəskin şəkildə artması müsbət təsir göstərir. Bu barədə Trend ə Milli bankın idarə heyətinin üzvü, kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri Rüfət Aslanlı Fitch agentilyinin Bank Systemic Risk Report silsiləsindən olan ikinci hesabatını şərh edərkən məlumat verib. Xatırladaq ki, bu hesabatda agentlik bir neçə makroiqtisadi indikatorlar əsasında bank sistemi risklərini qiymətləndirib.

"Milli bank tənzimləyici orqan kimi bu amillərin mövcudluğunu qəbul edir. Eyni zamanda biz bu amillərin bank sektoruna və ayrıca götürülmüş bir banka necə təsir göstərə bilməsini müəyyən etmək üçün müntəzəm analizlər və monitorinqlər aparırıq", - deyə o qeyd edib. Bütün bunlar göstərir ki, Azərbaycanın bank sektoru həm milli valyutanan kəskin şəkildə möhkəmləndiyi, həm də aktivlərin keyfiyyətinin yaxşılaşdığı, o cümlədən faiz dərəcələrinin kəskin qalxdığı halda belə kifayət qədər sabitdir. Lakin bu heç də o demək deyil ki, risklər bank sektoruna heç cür təsir etməyə bilməz.

Reytinq agentliyinin hesabatında deyilir ki, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan banklarının sistemli riskləri kredit ekspansiyası və milli valyutaların real mübadilə məzənnəsinin möhkəmlənməsi nəticəsində artıb. Agentlik bank sistemlərini bankların orta kredit reytinqinə əsaslanan BSİ (banking system indicator) və kredit portfellərinin artım tempini, o cümlədən mübadilə məzənnəsinin, fond birjasında və daşınmaz əmlakın qiymətlərinin dinamikasını nəzərə alan MPI (Macro-Prudential Indicator) kimi iki parametr üzrə təsnif edir.

Rusiyada MPİ göstəricisi "orta riskdən" "yüksək" riskə, Qazaxıstan və Ukraynada "aşağı riskdən" "orta riskə", Azərbaycanda isə "aşağı riskdən" "yüksək riskə"dək artıb. Rusiya və Azərbaycanda belə keçid son vaxtlar real mübadilə məzənnəsinin möhkəmlənməsi ilə şərtlənib. Bundan başqa, Fitch bankların kredit portfellərinin ildə 15%-dən çox artımını risk amili hesab edir.

R.Aslanlı etiraf edir ki, kredit portfelinin kəskin şəkildə artması halları mövcuddur. Bu onunla bağlıdır ki, Azərbaycan banklarının kredit bazası çox aşağı olduğundan ölkədə illik artım yüksəkdir. Lakin bankların kredit qoyuluşları və aktivləri ÜDM-ə nisbətən çox aşağıdır. 2006-cı il yanvarın 1-nə olan vəziyyət üzrə aktivlər ÜDM-lə müqayisdə 25% təşkil edir. Elə ölkələr var ki, bu göstərici 140-170%-ə bərabərdir. Lakin bu, bank sisteminin son 140-150 il ərzində yığılmış aktivləridir.

AMB nümayəndəsi respublikada artıq iki ildir ki, qeyri-neft sektorunun inkişafı üzrə iri miqyaslı proqramların yerinə yetirilməsi ilə əlaqədar bank sistemi və iqtisadiyyatın yüksək artım dinamikasını inkar etmir. "Təbii ki, dinamik artım müəyyən risklər və hətta ola bilsin ki, təhlükələr də yaradır. Sürətli artım risklərinin itkiyə çevrilməməsi üçün onlar adekvat olaraq inkişaf etməlidir və AMB-nin bank sektorunun inkişafı strategiyası buna xidmət edib. Bu strategiya 2002-ci ildən korporativ idarəetmə sistemlərinin yaradılması və tətbiqini, riskləri idarəetmə mexanizminin inkişafı və təkmilləşdirilməsini nəzərdə tutur", - deyə R.Aslanlı izah edib.

O hesab edir ki, ümumi kredit qoyuluşlarında və digər bank seqmentlərində Beynəlxalq bank əsas mövqe tutur, eyni zamanda özəl bank sektoru da bazarda öz seqmentlərini artırır. Bu tendensiyalar isə son 2-3 ildə kifayət qədər aydın əks olunub.

Agentliyin məlumatına görə, 2004-2005-ci illərdə bankların özəl sektora ayırdığı kreditlərin həcmi Azərbaycanda orta hesabla 41,7%, Qazaxıstanda - 36,5%, Rusiyada - 19,7%, Ukraynada isə 15,3% artıb.

BSİ göstəriciləri isə yenə də dəyişməz olaraq qalıb: Rusiya, Qazaxıstan, Ukrayna - "D" (aşağı), Azərbaycan - "E" (çox aşağı).

Fitch bu silsilədən olan hesabatları ildə iki dəfə dərc etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti