Azərbaycan Kommunist Partiyası (AKP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə vahid namizədlə iştirak edə bilər. Bu barədə Trend ə AKP sədrinin birinci müavini, sabiq millət vəkili Rauf Qurbanov bildirib.
AKP rəsimisi namizədliyini 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən irəli sürdüyünü bildirib. O, qeyd edib ki, partiyanın Mərkəzi Komitəsində təkrar seçkilərdə neçə namizədlə təmsil olunmağımız məsələsi yenidən müzakirə ediləcək: "Ola bilər ki, partiya yalnız mənim vahid namizədliyimi dəstəkləsin".
R.Qurbanov onu da bildirib ki, partiyanın sədri, sabiq millət vəkili Ramiz Əhmədov bu dəfə də seçkilərdə iştirak edə bilməyəcək. Bunu isə onun səhhətinin kəskin formada ağırlaşması ilə əlaqələndirib: "Partiyanın sədri 6 noyabr seçkilərində də iştirak etmək istəyirdi, lakin bu istəyini məlum səbəblər üzündən həyata keçirə bilmədi. Səhhətinin normallaşmaması səbəbindən təkrar seçkilərə qatılmaq istəyi də bu dəfə baş tutmayacaq".