...

YAP-ın müstəqil namizədlərinin hamısı partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilib

Siyasət Materials 18 Aprel 2006 16:44 (UTC +04:00)

Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə müstəqil şəkildə qatılan Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin hamısı partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilib. Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev onu da qeyd edib ki, YAP-ın təxminən 20 üzvü müstəqil şəkildə seçkiyə qatılmışdı: "Ötən ay onlardan 13-ü partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyirinə geri çəkilmişdi. 7-i isə bu barədə fikirləşirdi. Artıq həmin namizədlər də seçki marafonunu dayandırıb".

Qeyd edək ki, YAP-ın vahid namizəd siyahısına 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatal seçki dairəsindən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimov daxildir.

YAP İdarə Heyətinin qərarına görə, müstəqil şəkildə seçkiyə qatılan namizədlər partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyrinə geri çəkilməlidir. İdarə Heyətinin qərarına tabe olmayan namizədlər partiya sıralarından xaric ediləcək.

Xəbər lenti

Xəbər lenti