Bu gün Təbrizdə vəziyyət tam sabitləşib. Bu barədə Trend ə İranın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Məcid Feyzullahi bildirib.
Onun sözlərinə görə, şəhərdə vəziyyət mütəmadi olaraq normallaşır, dağıntılar aradan qaldırılır. Hökumət toqquşmanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görür. Hüquq-mühafizə orqanları tərəfindən təxribat və qarətdə, bankın yandırılmasında, özəl sektorun obyetklərinin yandırılmasında xüsusi fəallıq göstərən 55-dən artıq adam həbs olunub.
"Ölkənin hüquq-mühafizə orqanları onların işini diqqətlə araşdırır və cinayətkarlar cəzalarına çatacaqlar"- deyə səfirliyin nümayəndəsi bildirib. Onun sözlərinə görə, bunu hökumət və bu hadisələrdən əziyət çəkmiş özəl sektorun nümayəndələri bildirir.
Xatırladaq ki, İranda bu günlərdə kütləvi etiraz aksiyaları "İran" qəzetində azərbaycanlılarla bağlı karikaturaların dərc olunmasından sonra baş verib. Nəticədə Təbrizdə və ölkənin digər şəhərlərində çoxlu sayda dağıntılar, evlərin və obyektlərin yandırılması ilə müşahidə olunan aksiyalar keçirilməyə başlayıb.