...

Millət vəkilləri AŞPA-nın yay sessiyasında Azərbaycana qarşı heç bir təzyiq olmayacağını bildiriblər

Siyasət Materials 5 İyun 2006 18:04 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunda keçiriləcək yay sessiyasında Azərbaycan nümayəndə heyətinə qarşı hər hansı bir təzyiq göstərilməyəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Qeyd edək ki, AŞPA-nın iyunun 26-da başlanacaq yay sessiyasının üçüncü günündə Azərbaycanın mandat məsəlsinin gündəmə gətiriləcəyi bildirilib.

R.Hüseynov isə bu məsələnin sırf mandatla yox, Azərbaycanda keçirilən 2005-ci il 6 noyabr parlament seçkilərinin davamı kimi mayın 13-də keçirilən təkrar seçkilərin nəticələrinin müzakirəsi ilə bağlı olduğunu qeyd edib: "Yay sessiyasında Azərbaycanda keçirilən seçkilərin nəticələri onsuz da müzakirə olunacaqdı. Bu müzakirələri isə sırf mandatla bağlamaq düzgün olmazdı".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Aynur Camalqızı da qurumun yay sessiyasında Azərbaycana heç bir təzyiqlərin olmayacağını bildirib: "Qurumun qış sessiyasında 6 noyabr parlament seçkilərinin nəticələrinin müzakirəsi ona görə yarımçıq saxlanıldı ki, mayın 13-də keçiriləcək təkrar seçkilərin nəticələri bəlli olsun. Təkrar seçkilərlə bağlı isə AŞPA-nın müşahidə missiyasının rəhbəri Leo Platvoyetin müsbət rəyi var".

A.Camalqızı daha sonra bildirib: "Ola bilsin ki, mandat məsələsinin müzakirəyə çıxarılması üçün Azərbaycan üzrə həmməruzəçilərin məruzəsi artıq hazırdır. Ancaq burada qeyri-adi heç nə yoxdur. Çünki əvvəlcədən də bildirmişdilər ki, 13 may seçkilərindən sonra Azərbaycanla bağlı məsələ qurumun yay sessiyasında müzakirəyə çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti