...

Mehriban Əliyeva: Qədim əlyazmalar irsinin qorunması və gələcək nəsillərə ötürülməsi hər kəsin borcudur

Siyasət Materials 12 İyun 2006 16:00 (UTC +04:00)
Mehriban Əliyeva: Qədim əlyazmalar irsinin qorunması və gələcək nəsillərə ötürülməsi hər kəsin borcudur

Qədim əlyazmalar irsinin qorunması və onun gələcək nəsillərə ötürülməsi hər kəsin borcudur. Trend in verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva iyunun 12-də Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyasının YUNESKO-nun iştirakı ilə təşkil etdiyi "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda Beynəlxalq konfransın açılışında çıxış edərkən bildirib.

Mehriban Əliyeva konfrans iştirakçılarını başçılıq etdiyi Fondun fəaliyyəti ilə tanış edib, mədəniyyət, təhsil və tibbin inkişafına yönəldilmiş iri proqram və layihələr haqqında danışıb. Onun sözlərinə görə, onların əksəriyyəti beynəlxalq təşkilatlarla, xüsusilə də YUNESKO ilə əməkdaşlıq şəraitində həyata keçirilir və bu beynəlxalq təşkilat tərəfindən dəstəklə qarşılanır.

"Hər bir bu cür tədbir elmi nailiyyətlərlə yanaşı, Azərbaycanın həqiqətləri və inkişafı haqqında dünya cəmiyyətində yaxşı təsəvvür yaradır. Bu günkü tədbir bu əməkdaşlığın növbəti mərhələsidir", - deyə Mehriban Əliyeva qeyd edib.

Onun sözlərinə görə, təbabət və əczaçılıq üzrə Azərbaycana məxsus üç nadir əlyazma 2005-ci il iyulun 29-da YUNESKO-nun "Dünya Yaddaşı" proqramının beynəlxalq reyetsrinə daxil edilib. Bu əlyazmalar Rüstəm Cürcaninin "Zahireyi- Nizamşahi" (XIII əsr), Əbu Əli İbn Sinanın "Əl-Qanun fit-Tibb" əsəri (XII əsr) və Əbülqasım Zəhravinin "Əl - Məqalət əs-Səlasun" əsərləridir (XI əsr). YUNESKO-nun proqramına bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik yazılı abidələrin mühafizəsi daxildir. Hazırda proqramın reyestrinə dünyanın 57 ölkəsinin 120 yazılı abidəsi daxildir və Azərbaycana məxsus üç əlyazmanın reyestrə daxil edilməsi Azərbaycan tarixinin qədimliyini bir daha təsdiq edir.

Bütövlükdə, onun sözlərinə görə, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda xalqın milli dəyəri və Azərbaycan tarixinin ayrılmaz hissəsi olan 12 mindən artıq əlyazma saxlanılır.

Konfransın açılışında YUNESKO-nun baş katibi Koiçiro Matsuuranın konfrans iştirakçılarına göndərdiyi təbrik oxunub. O, bu təbrikdə tədbirin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanda saxlanılan əlyazmalar "Dünya yaddaşı" proqramına əhəmiyyətli xəzinədir, bu da dünya təbabətinin inkişafında Azərbaycanın rolunu göstərir", - deyə təbrikdə qeyd olunur.

Konfransda Vaşinqton Elmlər Akademiyasının vitse-prezidenti Alen Tuveyd, Beynəlxalq tibb tarixi cəmiyyətinin prezidenti Afanasios Diamandupolus, YUNESKO-nun informasiya cəmiyyəti şöbəsinin direktoru Əbdüləiz Abid və b. çıxış ediblər. Məruzəçilər Azərbaycanın dünya elm və mədəniyyətinin qorunması və inkişafındakı rolunu yüksək qiymətləndirib, bu sahədə ölkə rəhbərliyinin rolunu xüsusi olaraq qeyd edib və Heydər Əliyev Fondu ilə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, konfransın proqramı orta əsr tibb əlyazmaları, qədim və orta əsr əczaçılığı, klassik ədəbiyyatda tibb, xalq təbabəti və s. mövzuları əhatə edir.

Konfransın açılış mərasimi Heydər Əliyev Fondunun binasında, birinci və ikinci iclas Yaxt Klubda, üçüncü iclas və bağlanış mərasimi isə Fondun Yevlax şəhərindəki regional nümayəndəliyində keçirilib.

Konfransın iştirakçılarına Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazmalarla tanış olmaq imkanı verilib. Bu əlyazmalar Fondun foyesində xüsusi olaraq nümayiş etdirilib. Tədbirdə Almaniya, Türkiyə, Bəhreyn, İsrail, Estoniya, ABŞ, Gürcüstan, Misir, Böyük Britaniya, İran, Rusiya, Yunanıstan, Ukrayna, Rusiya, Əlcəzair və başqa ölkələrdən gələn qonaqlar iştirak edib.

Qonaqların səfər proqramına Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin memorialının ziyarəti, ölkə bölgələrinə (Yevlax, Şəki, Qobustan) səyahət daxil edilib. Bu zaman ölkənin görməli yerləri ilə tanışlıq, mədəni tədbirlərdə iştirak, mədəni -tarixi abidələrlə tanışlıq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti