"Güney Azərbaycan Forumunun yekununda müraciətlərdən başqa, fikrimiz budur ki, güneydən olan soydaşlarımız arasında əlaqələndirmə formasını tapa bilək. Bunun üçün əlaqələndirmə komissiyaları yaratmaq niyyətindəyik". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.
Qeyd edək ki, bu gün sentyabrın 12-də Bakıda Güney Azərbaycan Milli Hərəkatına həsr olunmuş Beynəlxalq Forum keçirilir. Forumun əsas təşkilatçılarından olan Etibar Məmmədov qeyd edib ki, Bakıda belə bir geniş tərkibli toplantının keçirilməsində məqsəd Güney Azərbaycanda gedən milli hərəkatla bağlı məlumat mübadiləsi yaradılmasına, hadisələrə təsir etmək imkanı qazanılmasına, hərəkatın genişlənməsinə nail olmaqdır. Həmçinin bu işlərin koordinasiya edilməsi üçün daimi komissiyaların yaradılması da nəzərdə tutulur.
E.Məmmədov bildirib ki, Forumun yekunu kimi konkret ad altında yeni bir təşkilat yaradılmasına ehtiyac yoxdur: "Çünki belə məsələlərlə bağlı hər hansı bir təşkilat yarananda onun konkret iddiası olur. Bizim hər hansı iddiamız yoxdur. Sadəcə məqsədimiz Güney Azərbaycanda gedən prosesləri əlaqələndirmək, hərəkatçıları bir araya gətirmək, onlara dünyaya çıxış imkanları yaratmaqdır".
E.Məmmədovun sözlərinə görə, əlaqələndirmə komissiyalarında Azərbaycan Respublikasında, Güney Azərbaycanda, Avropada və digər ölkələrdə yaşayan azərbaycanlılar təmsil oluna bilərlər: "Kimin həvəsi, imkanı və təcrübəsi varsa əlaqələndirmə işlərində iştirak edə bilər. Bu komissiyaların hər hansı bir partiyaya, o cümlədən AMİP-ə heç bir aidiyyəti yoxdur. Tam siyasi partiyalardan kənar komissiyalar qurulmasına çalışacağıq". E.Məmmədov komissiyada özünün də təmsil olunacağını deyib.