...

Metyu Brayza: Xəzərdə neft hasilatının artması ən azı bir boru kəmərinin tikintisini tələb edəcək

Siyasət Materials 20 Oktyabr 2006 17:20 (UTC +04:00)

ABŞ ehtimal edir ki, xüsusilə də Xəzər bölgəsində yeni boru kəmərlərinin inşa edilməsi yolu ilə rəqabətin gücləndirilməsi iqtisadi səmərəliliyi və Avropaya neft və təbii qazın daha sabit tədarükünü təmin edəcək. Trend ABŞ Dövlət departamentinin Beynəlxalq informasiya proqramları bürosunun məlumatına istinadən xəbər verir ki, Avropanın enerji daşıyıcıları bazarında son dəyişiklikləri, Qazaxıstanda neft hasilatının xeyli artmasını misal gətirən ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Metyu Brayza ABŞ-ın bölgədə neft və qaz kəmərlərinin yeni şaxələnmiş şəbəkələrinin tikintisini dəstəkləmək niyyətini təsdiq edib.

Avropanın təbii qaz bazarını "disfunksional" bazar kimi səciyyələndirən Brayza yeni neft və qaz kəmərlərinin tikintisi vasitəsilə rəqabətin gücləndirilməsinə tələbatın olduğunu vurğulayıb.

Bu bəyanatı o, Con Hopkins Qabaqcıl beynəlxalq araşdırmalar məktəbinin Transatlantika araşdırmaları mərkəzi və Avropa siyasəti mərkəzinin birgə təşkil etdiyi konfransda verib.

Brayzanın sözlərinə görə, ABŞ və digər ölkələr Avropa və Avrasiya bölgəsində yeni dövlət-özəl enerji tərəfdaşlıqlarının yaradılmasını stimullaşdırmaq üçün investisiya sxemlərinin hazırlanması üçün böyük səy göstərir, çünki "özəl şirkətlər əvvəl-axır bunu etməlidirlər". Ona görə də, o bildirib ki, dövlətin dəstəklədiyi layihələr "kommersiya mənası daşımalıdır".

Neft və qaz kəmərləri beynəlxalq səviyyədə sərtləşdirilmiş siyasi debatlara səbəb olub. ABŞ da daxil olmaqla, bir çox ölkələr enerji daşıyıcıları bazarında diversifikasiyanı artırmağı zəruri sayır və bütün tərəflər üçün iqtisadi faydalı iş əmsalının artırılması üçün dövlət və özəl investorlar arasında yeni münasibətlər qurmağa çalışır.

Brayza Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi haqqında müqavilədə iştirakını "Azərbaycanın daxil olacağı təbii nigah" adlandırıb.

Uzunluğu 1600 kilometr və dəyəri 3,9 mlrd. dollar olan bu neft kəməri iyulun 13-də açılıb və neftin Azərbaycandan Gürcüstana və Türkiyənin Aralıq dənizi sahillərinə nəqli üçün nəzərdə tutulub.

İyunun 16-da Qazaxıstan və Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin qovşağının yaradılması üçün qazax neftinin Xəzər dənizindən keçməklə nəqlinə yardım haqqında razılaşma əldə ediblər.

Brayza həmçinin enerji daşıyıcılarının nəqli ilə bağlı, Qərbi Avropa bazarlarına nəql etmək üçün Türkiyənin Bosfor və Dardanel boğazlarından keçməklə daşına bilən neftin miqdarının təbii surətdə məhdudlaşdırılması nəticəsində yarana biləcək problemlərdən qaçmaq üçün Xəzər boru kəmər konsorsiumunun (XBK) genişləndirilməsini də dəstəkləyib. XBK boru kəməri Qazaxıstanın qərb hissəsindəki neft ehtiyatlarını Qara dənizlə əlaqələndirir və Qazaxıstanın dünya bazarına çıxması üçün imkan yaradır.

Brayza həmçinin etiraf edib ki, təklif olunan Avropa boru kəməri - Rusiya və Xəzər neftinin nəqli üçün Türkiyənin ekoloji cəhətdən zəif olan boğazlarından ötərək, Serbiya və Xorvatiyadan keçməklə Rumıniyadakı Konstansadan İtaliyadakı Triyestaya qədər 1319 kilometr uzunluğunda neft kəməri - nəqliyyat probleminin mümkün həllərindən yalnız biridir.

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi tərəfinlən ayrılmış vəsaitlər hesabına hazırlanan üç ayrıca texniki-iqtisadi əsaslandırmanı xatırlayaraq, Avropa və Avrasiyada digər potensial boru kəmərlərinin inşasının məqsədəuyğunluğunun qiymətləndirilməsi məqsədi ilə Brayza qeyd edib ki, Qazaxıstanda və Xəzər bölgəsinin digər ölkələrində neft hasilatının artırılması ən azı bir boru kəmərinin inşasını tələb edəcək. Onun sözlərinə görə, hansı boru kəmərinin inşa ediləcəyi barədə qərar hər bir dövlət- özəl tərəfdaşlığın investorlar üçün cəlbedici olub-olmadığını nəzərə almaqla qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti