...

Parlament komissiyasında Azərbaycanın "MDB dövlətlərinin humanitar əməkdaşlığı haqqında" Sazişə qoşulması layihəsi təsdiqlənib

Siyasət Materials 8 Dekabr 2006 17:46 (UTC +04:00)

Dekabrın 8-də Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda "Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin humanitar əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Komissiyanın sədri Nizami Cəfərov qeyd edib ki, bu Saziş milli mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını, MDB ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsini, o cümlədən qarşılıqlı sərgilərin, kolleksiyaların nümayişini, forum və festivalların təşkilini, kitabxana, muzey və arxiv işi, müvafiq fondlardan istifadə sahəsində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda tərəflər arasında ali təhsilə dair diplomların və elmi adların qarşılıqlı tanınması məsələsi də bu sənəddə əksini tapıb.

Müzakirələrdə Sazişin təsdiqinə tərəfdar çıxan deputatlar vurğulayıblar ki, MDB ölkələri arasında humanitar əməkdaşlığı tənzimləyəcək bu sənədin bir sıra maddələri Ermənistanla münasibətdə tətbiq oluna bilməz. İclasda aparılan fikir mübadiləsinin yekununda Azərbaycan Respublikasının həmin Sazişə qeyd-şərtlə qoşulmasına dair qanun layihəsinin təsdiqi məqsədəuyğun sayıldı.

Xəbər lenti

Xəbər lenti