...

AŞ katibinin xüsusi nümayəndəsi: AŞPA Azərbaycanla bağlı qətnamə qəbul edəcək

Siyasət Materials 13 Aprel 2007 16:54 (UTC +04:00)
AŞ katibinin xüsusi nümayəndəsi: AŞPA Azərbaycanla bağlı qətnamə qəbul edəcək

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümahyəndəsi Denis Birbosianın bir sıra KİV nümayəndələri ilə müsahibəsi.

- Qarşıdan gələn ATƏT-in yaz sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunacaq. Müzakirələrin yekununa əsasən hansısa sənəd qəbul olunacaq?

- Avropa Şurası Parlament Asssambleyasının sessiyaları ildə dörd dəfə keçirilir. Bazar ertəsi 2007-ci ildə ikinci sessiya başlayır. Azərbaycan gündəlikdə duracaq mühüm mövzu olacaq. AŞPA həmməruzəçiləri Toni Lloyd və Andres Herkel tərəfindən hazırlanmış Monitorinq Komitəsinin məruzəsi müzakirəyə çıxarılacaq. Bundan sonra bütün ölkələrdən olan parlamentarilərin həmməruzəçilərdən məruzə ilə bağlı, onların Azərbaycanda gördükləri və bu ölkə barədə nə düşündükləri haqqında soruşmaq imkanı olacaq. Daha sonra müzakirələr aparılacaq və yekunda bütün AŞPA üzvləri tərəfindən təsdiq olunacaq qətnamə qəbul olunacaq.

- Bu sessiyaya hüquq müdafiəçiləri və müxalifət nümayəndələri dəvət olunub. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli pasportunun olmaması səbəbindən müzakirələrdə iştirak edə bilməyəcək. Bu məsələ həll olunurmu?

- Bu məsələdə iki fərqli baxış var. Müxalifət liderlərinin iştirakı ilə bağlı, doğrusunu desək, onlar Avropa Şurası tərəfindən yox, AŞPA-nın iki həmməruzəçisi tərəfindən dəvət olunublar. Bu o deməkdir ki yaz sessiyası zamanı Azərbaycanın müxalifət liderləri ilə görüşün keçirilməsi planlaşdırılmır, parlamentarilər öz aralarında müzakirələr aparacaqlar. Yəni ki, Azərbaycan parlamentariləri digər ölkələrin parlament nümayəndələri ilə müzakirə aparacaqlar.

İkincisi, cənab Kərimli və onun pasportu ilə bağlı. Biz inanırıq ki, bu məsələ qanun çərçivəsində həll olunacaq. Hər bir şikayətçi bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər və müstəqil məhkəmə bu məsələni həll etməlidir. Müxalifət liderinin ölkədən kənara çıxmaq imkanının olmadığını görmək yaxşı hal deyil. Güman edirəm ki, bu məsələ qısa müddətdə araşdırılacaq və həll olunacaq.

- Niyə AŞPA-nın yaz sessiyasına bu qədər sayda müxalifət nümayəndəsi və hüquq müdafiəçisi dəvət olunub? Bu məsələ yerli mətbuatda birmənalı qarşılanmır.

- Mən hesab edirəm ki, həmməruzəçilər Starasburqa Azərbaycanın müxtəlif ictimai-siyasi dairələrindən nümayəndələr dəvət ediblər ki, onlarla müzakirə aparsınlar. Bu, birinci belə haldır. Avropa Şurası açıq təşkilatdır. Hər kəs debatlarda iştirak və yardım edə bilər. Bundan başqa, Avropa Şurasının saytına daxil olmaqla kompyuter arxasından da debatları müşahidə etmək olar.

- Doğrudurmu ki, Avropa Şurası Azərbaycandan olan müxalifət nümayəndələri və hüquq müdafiəçilərinin bu sessiyaya səfər xərclərini ödəmək niyyətində deyil?

- Tamamilə doğrudur.

- Bu və ya digər səbəblərdən Azərbaycanın AŞPA qarşısında bəzi öhdəlikləri hələ də yerinə yetirilməyib. Bu sırada "Alternativ hərbi xidmət haqqında" qanun da var. Azərbaycan tərəfi ölkədə mövcud hərbi vəziyyətlə əlaqədar bu qnunun qəbulunu mümkünsüz hesab edir. Bu məsələ də müzakirə olunacaq?

- Azərbaycanın öhdəlikləri qapalı sənəd deyil və hamı üçün açıqdır. Məqsəd Azərbaycana hər hansı əlavə öhdəlik yükləmək deyil. Azərbaycan mühüm məsələlərin həll olunmasını özü üzərinə götürüb və hələ də onların yerinə yetirlməsi öhdəliyini daşıyır. Biz bu öhdəliklərin yerinə yetirilməsində ölkəyə kömək etmək istəyirik. Mən ümid edirəm ki. bütün öhdəliklər qısa müddətdə yerinə yetiriləcək, həmçinin "Alternativ hərbi xidmət haqqında" qanunun qəbulu da.

- AŞPA-nın yaz sessiyasında son zamanlar Azərbaycanda gedən məhkəmə prosesləri, həmçinin Milli Məclisin deputatları Hüseyn Abdullayev və Fəzail Ağamalı arasında olan insidentlə bağlı məsələnin də müzakirəyə çıxarılacağı barədə söyləntilər var. AŞPA həmməruzəçisi Andres Herkel də bunun mümkünlüyünü istisna etməyib.

- Parlamentarilər istədikləri şey haqqında danışa bilərlər. Əgər onlar bunu müzakirə etmək istəsələr, deməli, eəcəklər. Güman edirəm ki, onlar bunu edəcəklər.

Xəbər lenti

Xəbər lenti