...

Səfir: Azərbaycanın birinci xanımı dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinə diqqəti artırmağa çağırıb

Siyasət Materials 18 May 2007 18:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə diqqətini artırmalıdır. Bu bəyanatla cümə günü Cenevrədə Millətlər Sarayında Azərbaycan otağının açılışı mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xamımı Mehriban Əliyeva çıxış edib.

Bu barədə cümə günü Cenevrədən telefon vasitəsilə Azərbaycanın İsveçrədəki səfiri, Azərbaycanın BMT və beynəlxalq təşkilatlarda daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Səfirin sözlərinə görə, birinci xanım təəssüflə qeyd edib ki, BMT-nin üzvlərindən biri olan Azərbaycan hərbi münaqişə vəziyyətindədir, BMT-nin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə qəbul etdiyi dörd qətnamə bu günə qədər yerinə yetirilmir. O, beynəlxalq ictimaiyyəti bu münaqişəyə diqqəti artırmağa çağırıb.

Mərasimdə BMT-nin Cenevrədəki ofisinin rəhbəri Sergey Orcanikidze, Cenevrədə akreditə olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Əmirbəyovun sözlərinə görə, mərasimdən öncə Əliyeva BMT-nin Cenevrədəki ofisinin rəhbəri Orcanikidze ilə görüşüb və onunla Azərbaycanla BMT-nin əməkdaşlıq perspektivlərini müzakirə edib. Orcanikidze Azərbaycanın BMT ilə əməkdaşlığın genişləndirilməsi sahəsindəki səylərini yüksək qiymətləndirib və gələcək effektiv əməkdaşlığa ümidvar olduğunu bildirib.

Birinci xanım ölkənin inkişafı reallıqları barədə danışıb və ofis rəhbərini Azərbaycana səfərə dəvət edib. Səfərin müddəti diplomatik kanallar vasitəsilə müəyyən olunacaq, deyə səfir məlumat verib.

Bu gün Azərbaycanın birinci xanımının Cenevrəyə səfəri başa çatır. O, bu gün ona Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi "Ana, körpə və ailə sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi sahəsindəki müstəsna xidmətlərinə görə" nominasiyasında mükafatın təqdimatı mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti