...

Sabiq millət vəkili müalicə olunmaq üçün Almaniyaya gedib

Cəmiyyət Materials 24 Sentyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayev müalicə olunmaq üçün Almaniyaya gedib. Bu barədə bazar ertəsi Trend ə məlumat verən Abdullayevin vəkili Cavanşir Süleymanov bildirib ki, sabiq millət vəkili sentyabrın 22-də Almaniyaya yola düşüb. Vəkil Abdullayevin müalicə üçün Almaniyada neçə gün qalacağı barədə məlumatsız olduğunu deyib.

Abdullayevdə onurga sütununun yırtığı xəstəliyi var. Sabiq millət vəkili müalicə olunmaq üçün Almaniyaya getmək istəsə də, barəsində şərti məhkumetmə cəzası olduğundan Səbail rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi ona ölkədən çıxmağa icazə vermirdi.

Lakin onun məhkəməyə müraciətindən sonra Səbail rayon məhkəməsi sabiq millət vəkilinin olkədən çıxmasına icazə verib.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Abdullayev mayın 18-də Bakının Səbail rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti