Azərbaycan, Bakı, noyabr/müx. TrendLife Şahin Cavadsoy/
Əvəzolunmaz cütlük Rafael İsgəndərov və Coşqun Rəhimov "Bu şəhərdə - 7 il" adlı konsert proqramlarını hələ iki gün də Opera və Balet Teatrında gülüş həvəskarlarına təqdim edəcək. Konsertlərinin uğurlu keçməsindən TrendLife-a məmnunluqla danışan Rafael, Coşqun və prodüserləri Müşviq Abbasov, meydanda özlərinə rəqib görmədiklərini də çəkinmədən bəyan etdilər:
Rafael : "Həmişə demişəm, bundan belə də söyləyəcəyəm ki, bizimlə kimsə rəqabət apara bilməz. Təvazökarlıqdan uzaq olsa da, biz bu şəhərin ən istedadlı, ən güclü sakinləriyik".
Coşqun: "Mənəm-mənəm söyləməyə haqqımız var. Çünki bizim rəqibimiz, elə Rafael və Coşqunun özləridir. Məncə, birinci olmaq şərt deyil, əsas tamaşaçı sevgisini qazanmaqdır".
Müşviq : "Qardaşlarımın dediklərinə heç bir əlavə etmək fikrində deyiləm. Sadəcə, birinci növbədə bizi hər il yalnız qoymayan tamaşaçılara təşəkkürümü bildirirəm. "Bu şəhərdə" izləyicilərini qalan iki konsertdə də maraqlı anlar yaşamağa səsləyirəm".