Azərbaycan, Bakı,14 may / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin bıçaqlanan jurnalisti Baş Prokurorluqda ifadə verəcək.
Qəzetin direktoru Azər Əhməd çərşənbə günü Trend a bildirib ki, Aqil Xəlil vəkili Elçin Sadıqov və Mətbuat Şurasının üzvü ilə birlikdə bu gün saat 17-də istintaqa çağırılıb.
"Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil bu il martın 13-də işdən evə qayıdarkən bıçaqlanıb.
Respublika Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Aqil Xəlil qeyri-ənənəvi intim münasibətlərdə olduğu şəxs tərəfindən qısqanclıq zəmnində bıçaqlanıb.
Jurnalisti bıçaqlayan şəxs həbs olunub və Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitələri əldə etmə və saxlanma maddələri ilə təqsirləndirilir.
Baş Prokurorluq Aqil Xəlilin istintaqa məcburi gətirilməsi barədə qərar qəbul edib.
Mayın 12 - də Respublika Prokurorluğu Aqil Xəlilin ölkəni tərk etmək cəhdinin qarşısının alınması haqqında məlumat yayıb. Prokurorluq bildirib ki, jurnalistin ibtidai və məhkəmə istintaqında iştirakı zəruridir: "Aqil Xəlilin iştirakının olmaması cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə, istintaqın və məhkəmə baxışının yolverilməz dərəcədə uzadılmasına səbəb ola bilər",-deyə məlumatda vurğulanır.
Xəlilin bu il fevralın 22-də "Zeytun bağları" adlanan ərazidə döyülməsi faktı bıçaqlanması ilə əlaqədar başlanmış cinayət işinə birləşdirilib və hazırda istintaq davam edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]