Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın Futzal Federasiyasının (AFF) yeni prezidenti Zaur Axundov bu vəzifəyə seçilməsini gözləmirmiş. "Bu qərar mənim üçün çox gözlənilməz oldu. Amma mənə etimad göstərib Federasiyaya prezident seçiblərsə, ümidləri doğrultmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. AFF prezidenti kimi əsas məqsədim futzalı Azərbaycanda daha da inkişaf etdirmək, populyarlaşdırmaqdır",- cümə axşamı Axundov Trend -a deyib.
Axundov Futzal Federasiyasının prezidenti vəzifəsinə bu gün seçilib. Ondan əvvəl Federasiyaya Ağarza Rzayev rəhbərlik edib. Rzayev AFF-nın prezidenti vəzifəsindən istefa verməsini işlərinin çox olması ilə əlaqələndirib.
AFF-nın prezidenti bildirib ki, o, yeni işiylə əlaqədar "Araz" futzal klubundan da ayrılıb. "AFF prezidenti seçiləndən sonra "Araz" klubuna rəhbərlik edə bilməzdim. Əslində, mən "Araz"dan bir neçə ay əvvəl ayrılmışdım. Amma klubdan gedəndə Futzal Federasiyasının prezidenti seçiləcəyimi bilmirdim" - deyə Axundov əlavə edib
"Araz" Axundovun rəhbərliyi dövründə, Azərbaycanın futzal çempionatının son mövsümündə həm çempion olub, həm də ölkə kubokunu qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]