Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol klublarına stadionlarla bağlı problemlərini həll etmək üçün bir il vaxt veriləcək. "Bir stadionda üç-dörd klubun ev oyunlarını keçirməsinin qarşısını almaq üçün, müəyyən tədbirlər görmək məcburiyyətindəyik. Premyer-Liqada çıxış edən klubların qarşısına tələb qoyacağıq ki, bir il ərzində stadion problemini həll etsinlər. Bu qərar ancaq Premyer-Liqada iştirak edən klublara aid ediləcək", cümə günü Trend -a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Trend -un arayışı: Sabah Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Bu iclasda Premyer-Liqada çıxış edən əcnəbi futbolçuların limit məsələsinə baxılacaq. İclasda klubların stadionlarla bağlı problemlərini həll etmək üçün müəyyən qərarların qəbul olunacağı da gözlənilir.
Musayev bildirib ki, İK-nın iclasında legioner limitinin tam ləğv olunacağına inanır. "Mən klub rəhbərləri ilə söhbətdə də hiss etmişəm ki, onlar limitin ləğv olunmasının tərəfdarıdırlar. Həm də şəxsi fikrim belədir ki, limitin ləğv olunması yerli futbolçuların inkişafına səbəb olar. Bu addımı atmaqla legionerlərlə yerli oyunçular arasında rəqabət yarada bilərik", - deyə PFL-in prezidenti əlavə edib.
Əvvəllər "Neftçi" klubunda vitse-prezident kimi fəaliyyət göstərmiş Musayev deyib ki, PFL-in tam formalaşması yaxın günlərdə başa çatacaq: "Biz sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etmişik. İyulun 15-dək qeydiyyatdan keçəcəyik. Ondan sonra PFL-in formalaşması yönündə bütün işləri başa çatdıracağıq".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]