Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli teleradio məkanında mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib.
"Azərbaycan televiziyalarının XXI əsrdə bütün dünya televiziyasının bəlası olan şou-biznesdən qurtulmasını çox istərdik", - Məhərrəmli cümə axşamı Trend -a müsahibəsində bildirib.
Azərbaycanda hazırda 8 televiziya kanalına bütün respublika üzrə yayım üçün lisenziya verilib. Bundan əlavə, 14 regional televiziya kanalı fəaliyyət göstərir. Azərbaycanın əsas özəl telekanallarında son illər şou xarakterli verilişlərin həcmi artıb. Maarifləndirici verilişlərə az yer verilir.
Azərbaycanda hər il noyabrın 6-sı Milli Teleradio Günü kimi qeyd olunur.
Məhərrəmli deyib ki, teleradio məkanında həm kəmiyyət, həm də keyfiyyət baxımından çox böyük dəyişikliklər olsa da, keyfiyyət baxımından görüləcək bir çox işlər var. Onun sözlərinə görə, Teleradio Şurası həm televiziya, həm də radio kanallarında daha çox cəmiyyət üçün maraqlı olan düşündürücü, maarifləndirici verilişlərin yer almasını istəyir.
Məhərrəmli televiziya aparıcılarının səviyyəsi ilə bağlı bir çox problemlərin də olduğunu bildirib.
"Aparıcılar özlərini həddindən artıq müasir aparmağa çalışırlar, onların müasirlikləri bəzən tamaşaçılar tərəfindən doğru olaraq yüngüllük kimi qəbul edilir. Aparıcıların Azərbacyan dilini səlist bilməmələri, ayrı-ayrı dillərin qarışığından həddindən artıq çox istifadə etmələri, dəvət etdiyi şəxslərin başqa dildə danışmasına şərait yaratmaqları çox təəssüf doğurur", - deyə Məhərrəmli əlavə edib.
Onun fikrincə, milli televiziya kanalları Azərbaycan dilinin qorunmasında əsas rol oynamalıdıralr. Bəzi televiziya kanalları aparıcıların səviyyəsinə çox diqqət ayırsalar da, çox təəssüf ki, əksər kanallarda aparıcıların səviyyəsi bizi qane etmir.
MTRŞ sədri hesab edir ki, kanallar Azərbaycan xalqı üçün vacib olan dil məsələsinə xüsusi diqqət yetirməlidirlər.
Məhərrəmli Azərbacyanda televiziya kanallarının az olması ilə bağlı səsləndirilən fikirləri doğru yanaşma hesab etmir.
"Bu fikirləri yalnız teleradio sahəsindəki vəziyyəti bilməyən şəxslər səsləndirirlər. Televiziya kanallarının azlığı və ya çoxluğu məsələsi əsas məsələ deyil. Gələcəkdə də regionlarda televiziya kanallarının sayı artırılacaq. Bu, Azərbaycan üçün normal kəmiyyətdir. Lakin biz bununla kifayətlənmirik. Kiminsə xoşuna gəlmək üçün televiziya kanalları açmaq məqsədimiz deyil", - deyə Məhərrmli bildirib.
Onun sözlərinə görə, sahə xarakterli televiziya kanalları açmaq çox çətin məsələdir.
"Mədəniyyət kanalının olmasını çox istərdik. Lakin bu sahə xarakterli kanal olduğuna görə, onun açılmasını həyata keçirmək çox çətin məsələdir. Əgər bu gün mədəniyyət kanalı açılandan sonra, orada da şou-biznes baş alıb gedəcəksə, elə kanal bizə lazım deyil. Mədəniyyət kanalının açılmasında maraqlıyıq, amma bunun üçün yetərli maliyyə vəsaiti, şərait lazımdır. Gələcəkdə yalnız mədəniyyət kanalı deyil, təhsil və başqa sahələri əhatə edən kanalların da açılması üzərində fikirləşəcəyik. Biz Almaniya, Türkiyə, Rusiya, Böyük Britaniya kimi böyük dövlətlər deyilik. Ölkənin ərazisi və auditoriyası nəzərə alınmalıdır", - deyə Məhərrəmli bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]