...

Azərbaycanda cəza çəkən iranlı məhkumlar öz ölkəsinə təhvil veriləcək-Ədliyyə Nazirliyinin idarə rəisi

Cəmiyyət Materials 19 Noyabr 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda cəza çəkən 20 iranlı məhkum öz ölkəsinə təhvil veriləcək.

Bu haqda Trend - a Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov məlumat verib və bildirib ki, məhkumların verilməsi noyabrın sonunadək baş tutacaq.

İdarə rəisi nin sözlərinə görə, Azərbaycan cəzaçəkmə müəssisələrində 513 əcnəbi məhkum cəza çəkir və onların böyük əksəriyyəti İran, Rusiya və Gürcüstan vətəndaşlarıdır.

Azərbaycanda 130 iranlı məhkumun cəza çəkdiyini bildirən Qafarov deyib ki, onların böyük qismi narkotika cinayətlərinə görə məhkum olunanlardır.

Ədliyyə Nazirliyinə məhkumların verilməsi ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Rusiyada cəza çəkən vətəndaşlarımızla bağlıdır.

İdarə rəisi bunu Rusiyada yaşayan vətəndaşlarımızın sayının çoxluğu ilə izah edir.

.

Qafarovun sözlərinə görə, Rusiyada cəza çəkən azərbaycanlı məhkumlar arasında narkotika cinayətlərinə görə cəzalandırılanların sayının artması müşahidə olunur.

İlin sonunadək Rusiyada cəza çəkən azərbaycanlı məhkumun öz ölkəsinə gətirilməsi üçün tədbirlər görülür.

Azərbaycanda 170 Gürcüstan vətəndaşı cəza çəkir. Bu ölkədə cəza çəkən azərbaycanlı məhkumların sayı isə 30 - a yaxındır.Qafarov məhkumların verilməsində Gürcüstanla müəyyən problemlərin olduğunu bildirib

"Son vaxtlar Gürcüstanla bu proses həyata keçirilmir. Məhkumların öz ölkələrində cəza çəkmələri üçün müraciətlər olsa da, Gürcüstan nə öz məhkumlarının götürülməsinə, nə də bizim məhkumların qaytarılmasına razılıq verir",-deyə Qafarov bildirib.

İdarə rəsi bildirib ki, nazirliyin nümayəndəsi hazırda Gürcüstanda səfərdədir və səfər çərçivəsində bu məsələnin razılaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

İdarə tərəfindən 300 - dən artıq məhkumun öz ölkəsinə verilməsi məsələsinə baxılması ilə əlaqədar tədbirlər görülür.

Bu ilin 10 ayında Azərbaycan vətəndaşı olan 111 və 39 nəfər əcnəbi məhkum öz ölkəsinə verilməsi üçün müraciət edib. Cari ilin ötən dövründə müxtəlif ölkələrdən 33 məhkum cəzalarının qalan hissəsinin çəkilməsi üçün qəbul edilib, 17 məhkum isə təhvil verilib.

2005 - ci ildən indiyədək Azərbaycanda cəza çəkən 76 əcnəbi məhkum cəza çəkmək üçün öz ölkəsinə təhvil verilib, xarici ölkələrdə cəza çəkən 151 azərbaycanlı məhkum isə qəbul edilib.

İdarə rəisi deyir ki, Azərbaycanla sərhədləri olmayan dövlətlərdə cəza çəkən məhkumların gətirilməsi ilə bağlı müəyyən problemlər var.

Belarus, Ukrayna və. s ölkələrdə cəza çəkən məhkumların Rusiya ərazisindən tranzit vasitəsilə gətirilməsi mümkün olmayıb.

"Rusiya 1998 - ci il "Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cıəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" Moskva Konvensiyasını ratifikasiya etmədiyindən, bu problem həll olunmayıb. Nəticədə, həmin məhkumların ölkəmizə gətirilməsi prosesi, xeyli miqdarda maliyyə vəsaiti sərf olunaraq, hava yolu ilə həyata keçirilir",- deyə Qafarov bildirib.

O qeyd edib ki, artıq Rusiyada Məhkumların verilməsi haqqında Avropa Konvensiyası qüvvəyə minib və bu müqavilədə tranzit məsələləri tənzimlənib.

Problemin həlli ilə bağlı hər iki ölkənin ədliyyə nazirlikləri nümayəndələrinin dekabrda görüşü nəzərdə tutulub və gələn ildən artıq bu sahədə problem həllini tapacaq.

Məhkumların verilməsi ilə bağlı Azərbaycanın İran, Rusiya, Gürcüstan, Ukrayna Qazaxıstan, Özbəkistan, Qırğızıstan ilə ikitərəfli müqavilələri var.

Azərbaycan "Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cıəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" Moskva, "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının iştirakçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti