...

Azərbaycanda Amnistiya Aktı ilə indiyədək 2400 məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 6 May 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 2400 məhkum azadlığa buraxılıb.

Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəis müavini Hüseyn Əlixanov bildirib.

Trend -un arayışı:  Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı 9 min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.

Rəis müavini bildirib ki, məhkumlardan 1400 nəfəri cəzaçəkmə müəssisələri və məntəqə tipli müəssisələrdə saxlanılan, qalan qismi isə xüsusi müəssisələrdə cəza çəkən məhkumlardır.

Əlixanovun sözlərinə görə, Amnistiya Aktnın müddəaları növbəlilik qaydasında icra olunur.

İlk növbədə cəzasının başa çatmasına 6 ay vaxt qalan məhkumlara amnistiya tətbiq olunaraq azadlığa buraxılıblar.

"Artıq belə məhkumların hamısına amnistiya tətbiq olunub. Sonrakı mərhələdə azyaşlı uşağı olan şəxslər, cəzasının yarıdan çoxunu çəkən məhkumlar azad olunacaq", - o deyib.

Amnistiyanın təsiri altına düşən narkomaniyadan məcburi müalicə kursu keçən məhkumların azad olunmasına gəlincə isə, rəis müavini deyib ki, onlar müalicə kursları başa çatandan sonra azad olunacaqlar.

"Bir neçə günə 20-yə yaxın belə məhkuma amnistiya tətbiq olunacaq", - deyə Əlixanov vurğulayıb.

Trend -un arayışı:  1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və bu, 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti