...

Azərbaycanın ali təhsil müəssisəsində baş verən faciə ilə bağlı mətbuatda qeyri-dəqiq məlumatlar daha çox olub - Mətbuat Şurasının hesabatı

Cəmiyyət Materials 20 May 2009 13:12 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisəsində baş verən faciə ilə bağlı mətbuatda qeyri-dəqiq məlumatlar daha çox olub - Mətbuat Şurasının hesabatı

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Mətbuat Şurası ali məktəbdə baş vermiş faciənin kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair hesabat hazırlayıb. Hesabatda qeyd edilib ki, faciə barədə qəzetlərdə dərc olunan materiallarda qeyri-dəqiq məlumatlar daha çox olub.

"Aprelin 30-dan mayın 15-nə qədər Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı 859 material dərc olunub. Onlardan 725-i xəbərdir və 219-u rəsmi səciyyə daşıyıb", - çərşənbə günü keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşovun sözlərinə görə, qəzetlərdə faciə ilə bağlı əsasən qanlı foto şəkillərin dərcinə üstünlük verilib: "904 fotodan 641-i bu qəbildəndir", - şura sədri əlavə edib.

"Bizim qəzetdə az məlumat dərc etməyimizin əsas səbəbi yüksək dəqiqlik prinsipinə əməl etməyimiz olub", - "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib.

Onun fikrincə, baş vermiş hadisəni Azərbaycan üçün sensasiya da hesab etmək olar. "Amma bəzi mətbuat orqanları bu sensasiyadan daha bir sensasiya yaratmaq niyyətindədirlər", - baş redaktor qeyd edib.

Sadıqov deyib ki, hadisə nəticəsində bir daha məlum olub ki, Azərbaycan jurnalistləri ekstremal situasiyalarda peşəkarlıqla işləmək iqtidarında deyillər. "Bu səbəbdən mətbuatda kifayət qədər dəqiqləşdirilməyən versiyalar irəli sürülür", - Sadıqov vurğulayıb.

Hesabatda qeyd edilir ki, KİV-lərin hadisənin işıqlandırılmasına göstərdikləri diqqət aşkar qeyri-peşəkarlıq meylləri ilə müşayiət olunub. "Ölkənin yazılı KİV-lərinin ekstremal şəraitdə işləmək təcrübəsinin azlığı təsdiqini tapıb. Hadisə ətrafında məxsusi ajiotaj yaradılarkən əldə edilən müsbət vərdişlərdən, xüsusiyyətlərdən imtina halları tendensiya halını alıb", - sənəddə vurğulanır.

Amaşov Mətbuat Şurasının bundan sonra jurnalistlərin ekstremal şəraitdə daha peşəkar işləməsi üçün xüsusi tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib. 

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti