...

Azərbaycan məhkəməsi türkiyəli iş adamı barəsindəki həbs qətimkan tədbirini dəyişməyib

Cəmiyyət Materials 12 İyun 2009 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan məhkəməsi "Barmek"in rəhbəri, türkiyəli iş adamı Hüseyn Arabul barəsindəki həbs qətimkan tədbirini dəyişməyib.

Arabulun vəkili Abbas Atakişi cümə günü  Trend -a bildirib ki, Bakı Apellyasiya Məhkəməsi türkiyəli iş adamı barəsində Səbayel rayon məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını qüvvədə saxlayıb.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Arabul dövlət sərhədini qanunsuz keçmək üçün yollar axtarmaqla uzun müddət hazırlıq işləri aparıb. Bu məqsədlə Ahmet Arslanın adına yazılmaqla öz fotoşəkli əks olunmuş saxta sürücülük vəsiqəsi əldə edib.

O, özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altınbarmakı Azərbaycana dəvət edərək əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb. Lakin bu planı həyata keçirə bilmədiyindən ölkəni Gürcüstanla olan sərhədi pozmaqla tərk etməyi qərar alıb.

Onlar bu məqsədlə Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Tarik Olmaçin vasitəsilə Ayhan Dönməzlə əlaqəyə girərək ondan kömək istəyiblər. Bunun müqabilində Ayhana 8 min dollar məbləğində pul verəcəklərini vəd ediblər. Ayhan pulun 5000 dollarını qəbul edib. Qaynı, Şəmkir rayon sakini Ramal Əkbərovla bu barədə danışaraq onun vasitəsilə Arabulun və Altınparmakın mayın 24-də Şəmkir rayonuna getməsini təşkil edib. Bu işə görə Əkbərova 3000 ABŞ dolları vəd olunub.

Arabul Şəmkir və Qazax rayonunda Əhməd adı ilə yaşamış və tanınmamaq üçün saçını rəngləmiş, özünə istirahət edən adam görkəmi vermək məqsədilə balıqçı paltarı geyinib, üstündə balıqçı tilovu gəzdirib.

Əkbərov Moskvaya getməli olduğundan Arabulun sərhədi qanunsuz keçməsini təşkil etməyi dostu Mahir Lətifova tapşırıb.

Lətifov mayın 29-da Arabulla İrfanı Şəmkirdən Qazaxa gətirərək "Göyəzən" mehmanxanasına yerləşdirib.

Arabul saxlanılarkən izahatında sərhədi qanunsuz keçdiyini bildirib, bu barədə rəhbərliyə məruzə etməmələrini, geriyə Azərbaycana buraxılması üçün 30 min dollar pul təklif edib.

İstintaq tədbirləri nəticəsində Lətifov və Əkbərov iyunun 9-da təqsirləndirilən şəxs qismində həbs olunublar.

Arabul Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 2 ay müddətinə həbs seçilib.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti