...

Azərbaycanda üçüncü ixtisas qrupu üzrə abituriyentlərin bilik səviyyəsi aşağı düşüb -TQDK sədri

Cəmiyyət Materials 10 İyul 2009 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir T.Cəfərov /

Bu il Azərbaycanda üçüncü ixtisas qrupu üzrə abituriyentlərin bilik səviyyəsi aşağı düşüb, Trend -un məlumatına görə, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

TQDK sədri bildirib ki, imtahanda iştirak etmiş abituriyentlərin 25 faizi 0-100 arası bal toplayıb.

"18,6 faiz 200-300, 8 faiz 500-700, 24 faiz 300-500, 23 faiz isə 100-200 bal arası nəticə göstərib", - deyə Abbaszadə vurğulayıb.

Abbaszadə bunun səbəbini abituriyentlərin əzbərçiliyi və orta məktəblərdəki tədrisin qənaətbəxş olmaması ilə əlaqələndirib.

Komissiya sədri iyulun 12-də birinci ixtisas qrupuna keçiriləcək imtahanlara hazırlıqla bağlı da məlumat verib.

Abbaszadə bildirib ki, imtahanın keçirilməsi üçün Bakı, Sumqayıt və Naxçıvanda 60 bina ayrılıb.

İmtahanda nəzarəti həyata keçirmək üçün 2471 nəzarətçi müəllim və 243 imtahan rəhbəri müəyyənləşib.

Bu ixtisas qrupuna 35811 abituriyent ərizə verib, onlardan 32963-ü sənəd verib.

Abituriyentlərin 2848 nəfəri rus bölməsinə sənəd verənlərdir.

İmtahanda 22252 nəfər oğlan, 13559 qız abituriyent iştirak edəcək.

Birinci ixtisas qrupuna imtahan verəcək abituriyentlərin ən yaşlısının 58, ən gəncinin isə 15 yaşı var.

Sənəd verənlərdən 15050-si bu ilin məzunları, 98-i ali təhsilli, 842-si orta-ixtisas məktəblərinin məzunları, 195-i xarici ölkə vətəndaşlarıdır.

Birinci ixtisas qrupu üzrə Bakıda 29907, Naxçıvanda 1363, Sumqayıtda 4541 abituriyent imtahanda iştirak edəcək.

İmtahandan sonra, saat 19.30-da "Space" TV-də yayımlanacaq "Abituriyent" verlişində sualların düzgün cavabları elan olunacaq, test tapşırıqları ilə bağlı izahat veriləcək.

Birinci qrup ixtisasları üzrə imtahanlar iyulun 12-də, ikinci qrup üzrə iyulun 24-də, üçüncü qrup üzrə iyulun 5-də, dördüncü qrup üzrə iyulun 18-də keçiriləcək.

Azərbaycanın ali təhsil məktəbləri və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları üzrə 114274 abituriyent öz "elektron ərizələrini" təsdiq etdirib. Abituriyentlərin 55844-ü oğlan, 58390 nəfəri qızdır. Onlardan 102221 nəfər Azərbaycan bölməsinə, 12063 nəfər rus bölməsinə daxil olmaq üçün ərizə verib.

Bu il Azərbaycan ali təhsil məktəblərinə 149 ixtisas üzrə qəbul olacaq.

Xəbər lenti

Xəbər lenti