Azərbaycan, Bakı, 17 avqust / Trend , muxbir H. Bağırov /
Azərbaycanda metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən Siyəzən rayon sakininin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bazar ertəsi Trend -a verilən məlumata görə, Siyəzən rayon sakini 22 yaşlı Pərvin Ağasiyeva öz mobil telefonu ilə bu il iyunun 28-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək "28 May" metrostansiyasına bomba qoyulnması barədə məlumat verib.
Aparılan araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb.
Həmin gün anonim zəngin kim tərəfindən edildiyi müəyyənləşdirilib və Ağasiyeva saxlanılıb.
Ağasiyeva terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə cinayətində ittiham olunur.
Bu gün keçirilən hazırlıq iclasında Ağasiyevanın işi üzrə məhkəmə baxışının avqustun 24-də keçirilməsi qərara alınıb.
Son vaxtlar Azərbaycanda bu qəbildən olan hadisələrin sayı artıb. Terrorçuluq barədə verilən məlumatlar təsdiqini tapmayıb.
Hazırda məhkəmədə bu qəbildən olan cinayətlərlə bağlı bir neçə proses davam edir.
Məqalə muüllifi ilə əlaqə unvanı: [email protected]