...

Azərbaycanda media ilə polis orqanları arasında münasibətlərin inkişafı məqsədilə təkliflər hazırlanacaq

Cəmiyyət Materials 22 Dekabr 2009 14:55 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə “İnformasiya azadlığı və media ilə hüquq-mühafizə orqanları münasibətlərinin tənzimlənməsi” mövzusunda Demokratik Jurnalistlər Liqası ATƏT və Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi təbirdə aparılan müzakirələrin yekununda qərar qəbul edib.
Azərbaycanda media ilə polis orqanları arasında münasibətlərin inkişafı məqsədilə təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda media ilə polis orqanları arasında münasibətlərin inkişafı məqsədilə təkliflər hazırlanaraq Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Trend -un məlumatına görə, bu barədə "İnformasiya azadlığı və media ilə hüquq-mühafizə orqanları münasibətlərinin tənzimlənməsi" mövzusunda Demokratik Jurnalistlər Liqası ATƏT və Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi təbirdə aparılan müzakirələrin yekununda qərar qəbul edilib.

Dəyirmi masada polislə KİV arasındakı münasibətlərin durumu, mövcud problemlər və münasibətlərin inkişafı müzakirə olunub. Müzakirələrdə DİN-in şöbə rəisi Ehsan Zahidov, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif, Bakının Nəsimi, Səbail və Yasamal rayon polis idarələrinin rəhbər şəxsləri və KİV nümayəndələri iştirak edib.

KİV nümayəndələri baş vermiş hadisələrlə bağlı ayrı-ayrı polis şöbələrindən operativ məlumat ala bilmədiklərini, bəzən polislər tərəfindən təzyiqlərə məruz qaldıqlarını, məlumat ötürülərkən KİV-lər arasında ayrı-seçkiliyə yol verildiyini bildiriblər.

Polis orqanlarının təmsilçiləri bildiriblər ki, polislə-KİV arasında yaranan problemlərdə jurnalistlərin qeyri-peşəkarlığı, qanunsuz keçirilən kütləvi aksiyalarda media nümayəndələrinin aksiya iştirakçısı qismində iştirakı rol oynayır.

Müzakirələr zamanı polislə KİV arasında münasibətlərin normallaşması, məlumatların operativ ötürülməsi məqsədilə polis şöbələrində KİV-lə işləyən məsul şəxslərin təyin olunması, daxili işlər orqanları ilə işləyən jurnalistlərin nazirlikdə akreditə olunması, ayda bir dəfə brifinqlərin keçirilməsi, baş vermiş və böyük rezonans doğuran hadisələr zamanı mətbuat üçün brifinqlərin keçirilməsi, polisin fəaliyyəti ilə bağlı reportajların hazırlanması üçün jurnalistlərə imkan yaradılması təklif olunub.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bildirib ki, bu təkliflər DİN rəhbərinə təqdim olunacaq və polislə-KİV arasında münasibətlərin inkişafı məqsədilə tədbirlər həyata keçiriləcək.

Dəyirmi masa "KİV və hüquq mühafizə orqanları arasında münasibətlərin tənzimlənməsi" layihəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində Azərbaycanın şimal, cənub və Aran bölgələrində region jurnalistləri və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə seminar-treninqlər keçirilib. Layihənin həyata keçirilməsində məqsəd isə mövcud olan problemlərdən çıxış yolunu göstərmək və münasibətlərin tənzimlənməsidir.

Xəbər lenti

Xəbər lenti