Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə mərkəzləşdirilmiş imtahanların keçirilməsinə hazırlığı başa çatdırıb. Bu barədə nazirliyinin ali və orta ixtisas təhsil şöbəsinin baş məsləhətçisi Ənvər İmanov Trend -a bildirib.
2010-cu ildə Azərbaycanda orta məktəblərin həm 9-cu, həm də 11-ci sinfini bitirən şagirdlər mərkəzləşdirilmiş qaydada test üsulu ilə imtahan verəcəklər.
İmanovun sözlərinə görə, Təhsil Nazirliyinin əməkdaşları Azərbaycanın paytaxt və bütün regionlarındakı məktəblərdə maarifləndirmə işləri aparıblar. "İmtahan suallarının bankları artıq bütün məktəblərə göndərilib", - o deyib.
"Mərkəzləşdirilmiş imtahanlar iki mərhələdə keçiriləcək. Birinci, sınaq mərhələsi 2010-cu ilin fevral-aprel aylarında keçiriləcək", - Təhsil Nazirliyinin baş məsləhətçisi deyib.
Ötənilki tədris ilində 11-ci siniflər üçün mərkəzləşdirilmiş test imtahanları Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərinin və Azərbaycanın Ucar, İmişli və İsmayıllı rayonlarının orta məktəblərində keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]