...

Cəzanın sərtləşdirilməsi ilə cinayətin dinamikası arasında ciddi bir əlaqə yoxdur - Milli Məclisin komitə sədri

Cəmiyyət Materials 5 Mart 2010 12:38 (UTC +04:00)
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynovun Trend News-a müsahibəsi
Cəzanın sərtləşdirilməsi ilə cinayətin dinamikası arasında ciddi bir əlaqə yoxdur - Milli Məclisin komitə sədri

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir K.Zərbalıyeva/

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynovun Trend -a müsahibəsi

- Konstitusiya Məhkəməsi tərəfindən 1998-ci ildən indiyədək qəbul edilmiş 11 qərar Milli Məclis tərəfindən icra olunmayıb. Həmin qərarlarda qanunlardakı müəyyən ziddiyyətlərin aradan qaldırılması MM-ə tövsiyə olunub. KM qərarlarının icra olunmaması nə ilə bağlıdır?

- Konstitusiya Məhkəməsi qanunun hər hansı norması barədə qərar qəbul edərsə, həmin müddəa artıq qüvvədədir. Hətta, o normaya texniki baxımdan düzəliş olunmayıbsa belə, KM-in qərarı qüvvədədir. Vətəndaş hər hansı bir dövlət orqanına və ya məhkəməyə müraciət edərkən, həmin dövlət hakimiyyət orqanı KM-in qərarına istinad etməlidir. Bu adi bir haldır. Həmin qərardan sonra qanunun hər hansı bir normasına texniki düzəliş edilməyibsə belə (bunu çalışıb sürətlə etmək lazımdır), bu, hüquqi məkanda problem kimi qəbul olunmamalıdır. Dövlət hakimiyyət orqanları həmin qərara istinad etməli və onu rəhbər tutmalıdırlar.

Qanunvericiliyin sinxronlaşdırılması baxımından isə həmin tövsiyələr nəzərə alınmaqla qanunlara düzəlişlərin edilməsi vacibdir və bu yönümdə parlamentdə işlər gedir.

- Azərbaycanda hakimlərin son yaş həddi 65, müstəsna hallarda 70 yaş müəyyən olunub. Lakin apelyasiya və kassasiya instansiyalarında yaş həddi keçmiş 7 hakim var. Həmin hakimlər tərəfindən qəbul edilən qərarların qanunsuz olduğu iddia edilir və bununla bağlı Avropa Məhkəməsinə şikayətlər ünvanlanıb. Sizin bu məsələyə münasibətiniz necədir?

- Həmin hakimlər 2000-ci ildə 10 il müddətinə təyinat alıblar. Sonradan qəbul edilən və məhdudiyyət yaradan "Məhkəmələr və hakimlər haqqında" qanunun geriyə qüvvəsi yoxdur. Bu hakimlər 2010-cu ilin sentyabrınadək səlahiyyətlidirlər. Onların fəaliyyət göstərməsində heç bir qanun pozuntusu yoxdur və müddətləri başa çatanadək işlərə baxmağa səlahiyyətlidirlər.

- Avropa Məhkəməsinin president hüququ qanunvericilik sistemimizin tərkib hissəsidir. Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi işi ilə məşğul olan xüsusi bir quruma ehtiyac varmı?

- Fikrimcə, ayrıca bir quruma ehtiyac yoxdur. İnsan haqları üzrə Avropa Məhkəməsində Azərbaycanla bağlı qəbul edilmiş qərarlarla bərabər, digər qərarlar da öyrənilir. Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi var və həmin nümayəndə Prezident Administrasiyasının insan hüquqlarının müdafiə məsələləri üzrə sektorunun müdiridir.

Ali Məhkəmədə məhkəmənin president hüququnun öyrənilməsi ilə bağlı seminarlar keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Məhkəmə, millət vəkilləri qanunvericilik təşəbbüsü hüququnun subyektidirlər və bu subyektlərin hər biri qanunvericilikdə Avropa Məhkəməsinin president hüququna uyğunlaşdırılması baxımından lazım gəldikdə təkliflər verirlər.

- Avropa Məhkəməsinin president hüququnun məhkəmələr tərəfindən tətbiqi ilə bağlı narazılıqlar var. Vətəndaşlar, vəkillər məhkəmələrin qərar qəbul edərkən Avropa Məhkəməsinin qərarlarına istinad etməməsindən şikayət edirlər.

- İnsan hüquqlarının səmərəli müdafiəsindən o zaman danışmaq mümkündür ki, bu hüquqlar, ilk növbədə, milli səviyyədə qorunur. Ola bilər ki, ölkə Avropa Konvensiyasına qoşulmasın, amma orada insan hüquqları da az pozulsun. Demək, hansısa bir konvensiyaya qoşulmaq, president hüququnu öyrənmək daha çox yardımçı vasitədir.

Məhkəmə hər hansı işə baxarkən, ilk növbədə, milli qanunvericiliyə müraciət edir. Milli qanunvericiliyimizlə Avropa Konvensiyası arasında hər hansı bir prinsipial ziddiyyət yoxdur. Bizim qanunvericiliyimiz bütövlükdə Avropa standartlarına cavab verir. Milli qanunvericiliyə istinad etməklə ədalətli qərarlar qəbul etmək mümkündür. Hətta, milli qanunvericilikdə bir ziddiyyət varsa, bu da problem deyil. Çünki Konstitusiyamız Avropa Konvensiyasına uyğunlaşdırılıb. Xüsusən də 2002-ci il tarixli "İnsan hüquq və azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya Qanunu"nun qəbulundan sonra. Konvensiyanın çox mühüm müddəaları Konstitusiyaya köçürülüb. Əgər milli qanunvericilikdə ziddiyyət varsa, Konstitusiyaya istinad etməklə istənilən kazusu həll etmək mümkündür.

Hakimlər bir neçə halda Avropa Məhkəməsinin qərarlarını tətbiq edə bilər. Birincisi, əgər hakim üçün əlavə hüquqi arqument lazımdırsa, hakim president hüququnu tətbiq etməklə, öz qərarında əlavə mənbə kimi göstərmiş olur. İkincisi, qanunvericiliyin hər hansı bir norması qanunu tətbiq edən üçün tam aydın olmadıqda, hakim Avropa Məhkəməsinin presidentlərinə müraciət edə bilər. Üçüncüsü və ən vacibi milli qanunvericiliklə Avropa Konvensiyası arasında ziddiyyət olarsa, hakim president hüququnu mütləq tətbiq etməlidir. Belə olan halda, həmin məhkəmə qərarından şikayətin prespektivi görünmür.

Bu yanlış fikirdir ki, Azərbaycan hakimləri Avropa Məhkəməsinin qərarlarına istinad etmirlər. Zərurət yaranmadığı halda təbii ki, hakimlər president hüququna istinad etmirlər. Əgər zərurət yaranarsa, president hüququna istinad edirlər və etməlidirlər.

- Şübhəli və ya təqsirləndirilən şəxslərin həbs yerləri saxlanma haqqında qanun layihəsi hələ də qəbul olunmayıb. Qanunun qəbul olunmaması bu kateqoriyadan olan şəxslərin hüquqi vəziyyətini nizamlamaq imkanı yaratmır. Tez-tez bu şəxslərə münasibətdə müəyyən problemlər yaranır.

- Bu qanun layihəsini ATƏT-lə birlikdə hazırlamışıq. ATƏT-in dəstəyi ilə millət vəkillərindən, hüquq-mühafizə orqanlarının nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrup yaradılıb. Həbs yerlərində saxlanmanın bütün prosedur qaydaları əsas etibarı ilə Cinayət-Prosessual Məcəllədə göstərilib. Bizim məqsədimiz şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli qorunması ilə bağlı müddəalar üzərində düşünmək, Avropa standartlarını tətbiq etmək və müvəqqəti saxlanma yerlərində daha çox mübahisə yaradan, şikayətlərə səbəb olan halları nəzərə alaraq, Avropa Məhkəməsinin qərarlarında əksini tapmış müddəaları öyrənərək yeni qanun qəbul etməkdir. Hazırda qanun layihəsi üzərində iş yekunlaşdırılmaq ərəfəsindədir. Yəqin ki, layihə bu sessiyanın sonunda parlamentə təqdim ediləcək.

- Ölüm cəzasının ləğvi ilə bağlı MM-in qərarında qeyd olunub ki, bu cəzanın ləğvi ölkədə ağır cinayətlərin sayının azalmasına səbəb olacaq. Ölüm cəzasının ləğvi ölkədə cinayətkarlıqla mübarizəyə necə təsir göstərib?

-1993-cü ildən ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ölüm cəzasına moratorium qoyulub və 1998-ci ildən bu cəza ləğv olunub.

1993-95-ci illər Azərbaycanda kriminal durum ağır idi. Ağır cinayətlər, dövlət çevrilişləri baş verirdi, qanunsuz silahlı birləşmələr fəaliyyət göstərirdi. Buna baxmayaraq, Heydər Əliyev tərəfindən ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdu. Bir tərəfdən cinayətkarlığa qarşı ciddi mübarizə, digər tərəfdən isə özündə humanistliyi əks etdirən əfv və amnistiya qərarları həyata keçirilirdi. Artıq o dövrdə müşahidə etmək mümkün idi ki, ölüm cəzası nəzərdə tutulan cinayətlərin dinamikası azalır. 1998-ci ildən sonra müxtəlif illərin statistikası onu göstərir ki, ömürlük həbsə məhkum olunmuşların sayı bir neçə dəfə azalıb, bəzi illərdə isə bir qədər artıb. Ümumi tendensiya ömürlük həbsə məhkum olunanların sayının azaldığını göstərir.

İctimai fikir çox zaman ölüm cəzasının lehinə olur. Adətən ağır cinayətlər baş verəndən sonra, ölüm cəzasının bərpası ilə bağlı fikirlər yaranır. Çox mütərəqqi haldır ki, Azərbaycanda ölüm cəzasının bərpası ilə bağlı fikirlər səslənmir. Hüquq elmi sübut edib ki, cəzanın sərtləşdirilməsi ilə cinayətin dinamikası arasında ciddi bir əlaqə yoxdur. Bu ömürlük həbs və ya ölüm cəzası nəzərdə tutulan cinayətlərə də aiddir.

Hazırda Avropa Şurasının 13 saylı protokolu hətta müharibə vəziyyətində ölüm cəzasının ləğvini nəzərdə tutur. Amma bizim torpaqlarımız hazırda işğal altındadır. Dövlətimizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycan da 13 saylı protokola qoşula bilər.

- Cinayət Məcəlləsində evlənmək məqsədilə qızqaçırma cinayəti adam oğurluğu kimi tövsif edilib. Hüquqşünaslar bu cinayətlərin fərqləndirilməsini və qızqaçırma cinayətinin Cinayət Məcəlləsinə ayrı bir maddə kimi, yaxud da 144-cü maddəyə əlavə bənd kimi salınmasını təklif edirlər. Bununla bağlı Ali Məhkəmənin də Milli Məclisə müraciəti olub. Siz necə düşünürsünüz, bu dəyişiklik zəruridirmi?

- Əgər hüquqşünaslar da belə hesab edirsə ki, 144-cü maddəyə belə bir bənd salınsın, bu çox təəcüblüdür və acı gülüş doğurur. 144-cü maddə adam oğurluğudur. Qızqaçırma da adam oğurluğunun bir növüdür. Cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəs insandır və insanı heç bir məqsədlə qaçırmaq, oğurlamaq olmaz. Evlənmək məqsədilə qızqaçırma maddəsinin əvvəlki cinayət qanunvericiliyində mövcud olması Sovet dövründə bizlərə olan münasibətdən irəli gəlib və qanunvericiliyimizə bilərəkdən salınmış bir müddəa olub. Bu müddəa milli-mənəvi dəyərləri əksildən bir müddəa olub. O müddəanın qanunvericilikdən çıxarılması Azərbaycanın Avropa strukturları qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı deyil. Bu bizim həyata keçirdiyimiz hüquq islahatlarının məntiqi nəticəsidir.

Bəziləri iddia edir ki, qızqaçırma milli-mənəvi dəyərlər kompleksinə aiddir. Azərbaycanın tanınmış mütəfəkkirlərə, "Kitabi-Dədə Qorqud"dan başlayaraq milli-mənəvi dəyərləri formalaşdıran mənbələrə istinad etsək, bunun əksini görərik. Bizim böyük mütəfəkkirlər bu halları həmişə tənqid ediblər.

O ki qaldı bu fikrin tərəfdarlarına, onlar bunu adət-ənənə, milli-mənəvi dəyər kimi qəbul edirlərsə, öz ailələrində bunu tətbiq etsinlər. Onda hiss edərlər ki, bu adam oğurluğudur, yoxsa evlənməkdir. Ailə qurmaq, evlənmək Ailə Məcəlləsi ilə tənzimlənir, Cinayət Məcəlləsi ilə deyil. Bir daha Azərbaycan cinayət qanunvericiliyi belə mürtəce, milli-mənəvi dəyərlərə zidd olan müddəalara qayıtmayacaq.

- Azərbaycanda ağır cinayətlər, xüsusən də şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən cinayətlərə görə cəzaların sərtləşdirilməsi və bəzi ölkələrdə olduğu kimi əlavə cəzaların verilməsi barədə təkliflər var. Sizin fikrinizcə, bu labüddürmü?

- Cəzaların sərtləşməsi cinayətkarlığın dinamikası arasında heç bir əlaqə yoxdur. Cəza cinayət hadisəsinə verilmiş son qiymətdi. Bu qəbildən olan cinayətlərdə sosial vəziyyəti, bu cinayətə aparan yolu araşdırmaq lazımdır. Problemə daha çox sosial-mənəvi-psixoloji kontekstdə yanaşmaq lazımdır. Bu kontekstdə problemi həll etmək lazımdır. Amma, bu çox həssas bir mövzudur. Ona görə də, belə sərt münasibətlər başadüşüləndir.

Xəbər lenti

Xəbər lenti