Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Ermənistanda tikiləcək ikinci atom elektrik stansiyası bölgə üçün təhlükəni artırır. Bunu Trend-ə bazar ertəsi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev deyib.
Trend-in arayışı: Ermənistan hökuməti 2008-ci ilin sonlarında yeni atom elektrik stansiyasının (AES) tikintisinə razılıq verib. 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində 1000 mVt gücündə Ermənistan AES yeni blokunun tikintisinin başlanacağı gözlənilir.
Seysmostatistik analizə görə, tarixi dövr ərzində indiki Ermənistan ərazisində dəfələrlə iri şəhərlərin və yaşayış məntəqələrinin tamamilə məhvinə səbəb olan (500 mindən artıq insan tələfatı) dağıdıcı və katastrofik zəlzələlər baş verib (735-ci il Basarkeçər bölgəsi 10 bal - 10 min insan öümü, 854, 869, 893-cü illər İrəvan bölgəsi 10 bal - 224 min tələfat, 1679-cu il Qarni 9 bal - 10 min ölüm, 1827-ci il Çaxkadzor 9 bal, 1840-cı il Alagöz 10 bal - 2 min insan ölümü, 1926-cı il Gümrü 8,5 bal - 350 insan, 1988-ci il Hamamlı (Spitak) 10 bal - 25-50 min erməninin ölümü).
Əliyevin sözlərinə görə, tikintisi planlaşdırılan yeni atom elektrik stansiyası yalnız təhdid elementi daşıyır.
"Hazırda fəaliyyət göstərən "Metsamor" AES-in tullantıları çox güman ki, Azərbaycanın işğal altında olan ərazilərində basdırılır, çünki bu cür tullantıları digər ölkələr öz ərazisindən keçirməyə xüsusi icazə verməlidir", - Mərkəzin direktoru bildirib.
Onun sözlərinə görə, "Metsamor" AES-in istehsal tullantılarının ləğv edilməsi üçün əlverişli poliqonun olmaması regionun ekologiyası və insan həyatı üçün ciddi təhlükələr yaradır.
"Ən əsası isə AES-in inşası seysmik dayanıqlı tikinti normativləri ilə uzlaşmır və ümumiyyətlə, regionun geoloji-tektonik quruluşu və seysmoloji şəraiti nəzərə alınmayaraq AES-in yeri faktik olaraq yanlış seçilib", - o deyib.
Əliyev hesab edir ki, seysmoaktivliyi ilə seçilən bu regionda müasir tələblərə cavab verməyən AES-in fəaliyyəti yolverilməzdir.
"7 ballıq zona kimi qiymətləndirilən Razdan bölgəsi faktiki olaraq 9 ballıq zona kimi dəyərləndirilməlidir. Bu isə AES-in inşasında nəzərə alınmayıb. Spitak zəlzələsindən sonra erməni mütəxəssislərin tərtib etdikləri yeni seysmik rayonlaşdırma xəritəsində "Metsamor" AES 8-9 ballıq zonaya aid edilib. AES-in tikintisi zamanı isə bu rayon 7-8 ballıq zəlzələlərə nəzərdə tutulub. Əgər tikinti zamanı layihə üzrə buraxıla biləcək xətalar da nəzərə alınsa, bu gün AES 8-9 ballıq zəlzələlərə davam gətirə bilməz.
Əliyevin sözlərinə görə, daha mühüm problemlərdən biri isə AES-in istehsalat tullantılarının ləğv edilməsidir. Çünki "Metsamor" AES-in atom istehsalat tullantıları son dərəcə ciddi şəkildə ləğv edilmir. Əvvəllər bu tullantıların ləğv edilməsi Sovet imperiyasının şimal bölgələrində xüsusi radioaktiv məzarlıqlarda həyata keçirilib. İndi isə bu mümkün olmadığından və böyük xərclər tələb edildiyindən, Ermənistan tullantıların ləğvini nizamsız və əlverişsiz şəkildə həyata keçirir. "Araz çayı ilə axıdılan tullantılar hazırda Xəzər dənizinin canlı aləminə məhvedici təsir göstərir", - Əliyev bildirib.