...

Azərbaycanın orta məktəblərində ekologiya fənninin ayrıca tədrisinə dair fərqli fikirlər mövcuddur

Cəmiyyət Materials 11 İyun 2010 11:24 (UTC +04:00)
"İnsanların gənc yaşlarından ekologiya ilə bağlı biliklərə sahib olmaları üçün ekologiya fənninin ayrıca tədris proqramına salınması çox mühümdür", - cümə axşamı Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İkram İsrafilov deyib.
Azərbaycanın orta məktəblərində ekologiya fənninin ayrıca tədrisinə dair fərqli fikirlər mövcuddur

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

"İnsanların gənc yaşlarından ekologiya ilə bağlı biliklərə sahib olmaları üçün ekologiya fənninin ayrıca tədris proqramına salınması çox mühümdür", - cümə axşamı Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İkram İsrafilov deyib.

Bu günlərdə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ekologiya fənninin ümumtəhsil məktəblərində məcburi fənn kimi tədris olunması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, artıq Rusiyanın ümumtəhsil məktəblərində ekologiya ayrıca fənn kimi şagirdlərə tədris olunacaq.

Deputat hesab edir ki, insanların yaşadığı kəndin, şəhərin təmiz olması ilə bağlı elmə yiyələnmələrinə ehtiyac var.

"Bu sahədə ictimai müzakirələrin də olması çox mühümdür", -  İsrafilov əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin gücləndirilməsi üçün orta məktəblərdə ayrıca ekologiya fənninin tədrisi zəruridir.

"Orta məktəblərdə "Həyat bilgisi" və "Coğrafiya" fənlərinin tərkibində uşaqlara ekologiyaya aid məlumatlar verilir. Lakin mənim fikrimcə, bu, yetərli deyil. Məktəblilərin şüurunda ətraf mühitə münasibəti tam dəyişmək üçün ekologiya fənni ayrıca keçirilməlidir",  - İbrahimova deyib.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Trend-ə açıqlamasında məktəblərdə ekologiya fənninin tədris edilməsinə ehtiyac olmadığını deyib.

"Bizim məktəblərimizdə "Coğrafiya" və "Həyat bilgisi" fənləri var. Uşaqlar bu fənlər əsasında yetərli məlumat əldə edə bilirlər. 2010-cu il ölkə başçısı tərəfindən "Ekologiya ili" elan olunub. "Ekologiya ili" çərçivəsində Azərbaycan məktəblərində silsilə tədbirlər həyata keçirilir", - Əliqızı bildirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə Trend-ə deyib ki, Azərbaycanın təhsil sistemində təhsil sahəsində qabaqcıl ölkələrin təcrübəsi əsas götürülür. Bu sistemlərdə isə şagirdlərin əlavə fənlərlə yüklənməsi arzuolunmazdır.

"Rusiya təhsil sahəsi öndə gedən ölkələr siyahısında deyil. Əgər Avropa ölkələrinin və ABŞ-ın təhsil sistemlərinə nəzər salsaq, görərik ki, bu ölkələrdə ixtisas fənlərinə - ana dili və riyaziyyata üstünlük verilir. Digər fənlərdən isə şagirdlər azad edilir. Bizim də siyasətimiz ondan ibarətdir ki, şagirdlər fənlərlə çox yüklənməsinlər", - Hüseynzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti