...

Azərbaycanda uzunömürlülərin sayı region dövlətləri ilə müqayisədə çoxdur

Cəmiyyət Materials 30 İyun 2010 12:32 (UTC +04:00)
Azərbaycanda uzunömürlülərin sayı region dövlətləri ilə müqayisədə çoxdur. Ekspertlər uzunömürlülərin olmasını təbii qidalanma və genetik amillə əlaqələndirirlər.
Azərbaycanda uzunömürlülərin sayı region dövlətləri ilə müqayisədə çoxdur

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda uzunömürlülərin sayı region dövlətləri ilə müqayisədə çoxdur. Ekspertlər uzunömürlülərin olmasını təbii qidalanma və genetik amillə əlaqələndirirlər.

"Azərbaycanın cənubunda yerləşən Lerikdə yaşı 100-dən çox  20-dən artıq uzunömürlü yaşayır", - bu barədə çərşənbə günü Trend-ə məlumat verən Lerikdəki Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva bildirib ki, təmiz hava, stressiz həyat tərzi uzunömürlülüyün əsas amillərindəndir.

"Uzunömürlülər təbii qidalarla qidalanıblar, stressdən azad olublar, daim aktiv həyat tərzi keçiriblər. Dünyada gedən hadisələr barədə məlumatsızdırlar. Bu isə onların stressdən kənar qalmasına səbəb olub", - direktor vurğulayıb.

Fətullayeva deyir ki, indi çoxsaylı ekoloji problemlər, qəbul edilən qidaların tərkibinin təmiz olmaması, həmçinin, gərginlik və stressin çoxalması insanların ömrünün qısalmasına gətirir.
Belə bir muzeyin Lerikdə yaradılmasının təsadüfi olmadığını deyən Fətullayevanın sözlərinə görə, bu rayon dünyada uzunömürlülər diyarı kimi şöhrət qazanıb.

Muzeyin direktoru deyir ki, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb.

Muzeydə yaşı 100-dən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən, maraqlı məlumatlar, fotoşəkillər yer alıb.

Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirib.

Fətullayeva deyir ki, Lerikdən olan Şirəli Müslümov 169 il, onun həmyerlisi Mahmud Eyvazov isə 152 il ömür sürüblər.

Muzey direktoru deyir ki, 152 il ömür sürmüş Eyvazov ömrünün axırınadək aktiv həyat tərzi keçirib, hər zaman əməklə məşğul olub.

Millət vəkili, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə Trend-ə bildirib ki, əvvəllər insanlar doğulduqları kənddən kənara çıxmırdılar, təbiətlə əlaqələri geniş idi.

"Zaman-zaman insanın təbiətdən uzaqlaşması, texnologiyaların inkişafı ilə əlaqədar olaraq, insanların ömürləri də əvvəlki dövrlərlə müqayisədə qısalmağa başladı", - Rəcəbli deyir.

Uzunömürlülükdə genetik faktorun rolunu vurğulayan millət vəkilinin sözlərinə görə, elə nəsillər var, onların nümayəndələri 100 ildən artıq yaşayırlar. Sonradan bu nəsillər digərləri ilə qarışdığından, insanların ömürlərində qısalma müşahidə olunur.

Komitə sədri deyib ki, Azərbaycanda insanların orta ömür həddi son bir neçə ildə 8 ay artaraq 72,8 il təşkil edib.

Almaniya və Yaponiyada orta yaş həddinin 80-ə yaxın olduğunu deyən millət vəkili bildirib ki, orta yaş həddini artırmaq üçün insanlar həyatlarını hərəkətli etməli, passiv həyat tərzindən uzaqlaşmalıdırlar.

AMEA-nın Fiziologiya İnstitutunun uzunömürlülük fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi Sevinc Hüseynova Trend-ə açıqlamasında uzunömürlülüyün Azərbaycan xalqının genində olduğunu bildirib. Onun fikrincə, uzunömürlülük üçün qidalanmanın, havanın və suyun xüsusi əhəmiyyəti var.

Mütəxəssis uzunömürlülüklə bağlı Azərbaycanın şimal-qərbində, cənubunda və Abşeronda tədqiqatlar apardıqlarını bildirib və qeyd edib ki, aktiv uzunömürlülər - yaşı 100-ü keçənlər daha çox cənub zonasında qeydə alınıblar. Bu zonada yaşı 100-115 olan insanlara daha çox rast gəlinir.

"Bu regionda yaşayan uzunömürlülər aktiv həyat tərzi keçirənlərdir. Onların çox az hissəsində yüksək təzyiq var. Azərbaycanın şimal-qərbində isə yaşı 100-ü ötən yaşlılar yoxdur. Bu zonadakı üzunömürlülər 100 yaşadək yaşayırlar. Onlar arasında passiv olanlar, bu və ya digər xəstəlikdən əziyyət çəkənlər çoxdur", - mütəxəssis vurğulayıb.

Hüseynova deyir ki, ekologiya, stressiz həyat uzunömürlülük üçün əsas şərtdir.

Rəsmi statistikaya əsasən, uzunömürlülərin sayına görə dünyada ən öndə gedən dövlət Yaponiya, sonra isə Skandinaviya ölkələrinin olduğunu deyən Hüseynovanın sözlərinə görə, həmin ölkələrdə uzunömürlülərə xüsusi qayğı var.

2004-cü ildə ölkə başçısı uzunömürlülərin pasportlaşması, onlara qayğı göstərilməsi haqda sərəncam verib.

1989-cu ildə Azərbaycanda 2639 uzunömürlü qeydə alınmışdı. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə uzunömürlülərin sayı 2307 nəfər olub. Hazırda onların sayı 2 min nəfərdən azdır.
Buna baxmayaraq, BMT-nin son hesabatında uzunömürlülərin sayına görə, Ermənistanın Azərbaycandan daha irəlidə göstərilməsi təəccüb doğurur.

Xəbər lenti

Xəbər lenti