...

Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətti"nə tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı şikayətlər daxil olub

Cəmiyyət Materials 13 İyul 2010 18:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətti"nə tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı şikayətlər daxil olub. Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətti"nə tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı şikayətlər daxil olub

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətti"nə tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı şikayətlər daxil olub. Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseylərindən və Saatlı peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyəti olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunub.

Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax, Quba, Lənkəran və digər rayonlardan olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və başqa məsələlər öz əksini tapıb.

Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib.

İyun ayında "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-ə qədəri ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən imtahanlar, onların nəticələrinin öyrənilməsi, apelyasiya şikayətlərinin qəbulu və onun yekunu barədə məlumatın əldə edilməsi, imtahanların keçirildiyi zaman şagirdlərin üzləşdikləri problemlər, eyni zamanda, ümumi orta və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədar olub.

Digər sorğularda müəllimlərin işə qəbulu, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə bağlı olub. Eyni zamanda, şagirdlərin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əməkhaqqının hesablanması qaydaları və digər məsələlərə dair sorğularla da müraciət olunub.

Təhsil nazirinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" 21.05.2010-cu il tarixli, 632 saylı əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib.

Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı olub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirərək, qiymətlərinin yüksəldilməsinə apelyasiya qaydasında köməklik göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və buna əsasən tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə uyğun obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan 11 müraciətdən 8-i Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universitetindən də imtahan sessiyası dövründə şikayət xarakterli müraciətlər daxil olub. Bununla əlaqədar bütün müraciətlər yerində araşdırılıb və müəlliflərə cavab verilib.

Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan müraciətlər daxil olub. Həmin müraciətlərdə tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi barədə şikayətlər əks olunub.

"Qaynar xətt" xidmətinə daxil olmuş müraciətlərə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin struktur bölmələrinə məlumat verilib. Eyni zamanda, adıçəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində yol verilmiş nöqsanların aradan qaldırılması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti