Azərbaycan, Bakı, 6 fevral /Trend/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə şənbə günü Qroznıya gələrək Çeçen Respublikasının başçısı Ramzan Kadırov ilə görüş keçirib. Bu barədə Çeçenistanın başçısı və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Kadırov qardaş xalqları arasında münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmlənməsi üzrə səylərinə görə Paşazadəyə təşəkkür edib.
Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi dəvətini Çeçenistanın başçısına təqdim edib.
Dəvətin mətnində deyilir ki, "Azərbaycanın Rusiya Federasiyasıyla formalaşmış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün çox yüksək səviyyədədir. Ölkənin başçılığı bu münasibətlərin həm federal, həm də regional səviyyədə inkişafına xüsusi əhəmiyyət verir".
İlham Əliyev dəvətdə qeyd edib ki, "Azərbaycan və Çeçenistan xalqları bir-birinə mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi və mədəni əlaqələrlə bağlıdır. Bütün bunlar regionda sabitlik və əmin-amanlığın təmin etməsi üçün mühüm amildir".
Kadırov dəvətə görə təşəkkürünü bildirib.
"Bu mənim üçün böyük şərəfdir. Bizim Azərbaycanda çoxlu dostlarımız var. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıya rəsmi səfərə dəvəti terrorçuluğa qarşı apardığımız mübarizəyə siyasi və mənəvi dəstəyin bir sübutudur", - Çeçenistanın başçısı qeyd edib .